• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 aprel 2021-ci il

    Ariz Abduləliyevin əziz xatirəsinə...

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında 1995-ci ildən, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında 1999-cu ildən fəalliyət göstərmiş dərin bilik və geniş intellektli alim, etnomuzıkologiyanın nadir mütəxəssislərindən biri sayılan – elmi laboratoriyanın aparıcı elmi işçisi və kafedranın dosenti Ariz Abduləliyev 4 aprel 2021-ci ildə vaxtsız vəfat etmişdir.

    A.Abduləliyev 12 dekabr 1958-ci ildə Göranboy rayonunda anadan olmuşdur. 1979-1984-cü illərdə  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar ifaçısı və pedaqoqu ixtisası üzrə təhsil almışdır. Ali təhsilini aldıqdan sonra o, müxtəlif musiqi məktəblərində dərs deməyə və eyni zamanda elmi-publisistik məqalələri ilə Azərbaycanın mətbuat orqanlarında çıxış etməyə başlamışdır. Onun daha aktiv fəaliyyəti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə bağlıdır. A.Abduləliyev Azərbaycanda 90-cı illərdən keçirilən musiqi sənəti ilə  bağlı bəlkə də bütün tədbirlərdə məruzələrlə çıxış etmişdir. O, Moskvada SSSR-nin Bəstəkarlar İttifaqında, AR Bəstəkarlar İttifaqında, Milli Elmlər Akademiyasında, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Muğam aləmi” beynəlxalq simpoziumlarda dəfələrlə etnomusiqişünaslığın müxtəlif problemləri ilə bağlı dəyərli məruzələrlə çıxış etmişdir.

    Bundan əlavə, A.Abduləliyev Azərbaycanın xaricində beynəlxalq konfrans və simpoziumlarda  (Rusiyanin  Moskva, Penza, Novosibirsk, Türkiyənin İstanbul ş.) milli musiqimizin özünəməxsuz cəhətlərinin tədqiqi ilə bağlı dəyərli faktlarla müxtəlif ölkələrdən olan musiqişünasların nəzərinə çatdırmışdır.

    A.Abduləliyev Azərbaycanda nəşr olunan elmi jurnallarda və qəzetlərdə 200-ə yaxın məqalələrin müəllifi olmuşdur. Eləcə də, Yeni Azərbaycan Partiyasının fəaliyyətini işıqlandıran “Səs” gündəlik ictimai-siyasi qəzetin redaksiyasında siyasət şöbəsinin müdiri, “Axtarış” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

    A.Abduləliyev monoqrafiya, metodik vəsait və proqramların müəllifi idi. O,  90-ci illərdən Azərbaycanın  siyasi-ictimai həyatında fəal iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasətinin  daima dəstəkləyənlərdən biri olaraq, hətta namizədlik dissertasiyası “Azərbaycan musiqi incəsənətinin inkişafında və təbliğində Heydər Əliyevin rolu”mövzusu ilə bağlı olmuşdur. İctimai fəaliyyətlə məşğul olan zaman o, tələb olunan siyasi savadının və idarəçilik qabiliyyətinin artırılması məqsədi ilə 1998-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə idarəetməsi” fakültəsində ikinci ali təhsil (qiyabi) almışdır. A.Abduləliyev Ulu Öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyi “91-lər” ziyalı hərəkatının üzvü idi. 2005-ci il Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüşdür.

    Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı (2005); SSRİ Bəstəkarlar İttifaqının I dərəcəli Diplomu (1988); Musiqişünasların Ü.Hacıbəyli adına respublika müsabiqəsinin I dərəcəli diplomu (1994); Mədəniyyət Naziriyinin və Ədəbiyyat institutunun Heydər Əliyevə həsr etdiyi elmi-praktik konfransın Fəxri Fərmanı (2015); H.Əliyev adına Ali Hərbi Məktəbin Fəxri Fərmanı (2018); Bakı Musiqi Akademiyası rektorluğunun Fəxri Fərmanı ilə (2018) təltif olunmuşdur.

    A.Abduləliyev pedaqoji və elmi fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirən, elmi-tədqiqat laboratoriyada elmi bilikləri və fəallığı ilə seçilən dəyərli əməkdaşlarımızdan idi. Elmi-tədqiqat laboratoriyasının kollektivi hörmətli Ariz müəllimin vaxtsız vəfatından çox sarsılmış, BMA-nın professor-müəllim heyətinə və ailəsinə dərin hüznlə başsağlığı verir. Ariz Abduləliyevin əziz xatirəsi onunla çalışan əməkdaşlarının yaddaşlarında daima yaşıyacaqdır.

    Allah rəhmət eləsin!

     

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının müdiri,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  N.İsmayılzadə