18 mart 2021-ci il
Nizami və musiqi
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika“ elmi-tədqiqat laboratoriyasında 2021-ci il 18 mart tarixində elmi işçi Nigar Bayramovanın onlayn seminarı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı keçirilən seminarda Nigar Bayramova “Nizami və musiqi” adlı məruzəsi ilə çixış etdi.
N.Bayramova məruzəsində qeyd etdi ki, dünya poeziyasında “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını birləşdirən “Xəmsə” ilə şöhrət qazanan Nizami Gəncəvinin bədii irsi dövrümüzdə də müasirliyi ilə seçilir. Onun yaşadığı dövrdən artıq doqquz əsr keçməsinə baxmayaraq, o, yenə də yaşayır, poeziya sevərlərin həmişə diqqət mərkəzindədir. Çünki onun ölməz “Xəmsə”sinə daxil olan müxtəlif mövzulu poemaları və lirik şeirləri dərin məzmunu ilə geniş oxucu kütləsini özünə cəlb edir. Nizami yaradıcılığı və obrazı əsasında yaradılan əsərlər tez-tez səhnələrdə görünməkdə, konsert salonlarında səslənməkdədir. Nizami poeziyası elə bir tükənməz mənbədir ki, neçə illər keçsə belə, tədqiqatçıların onun irsində indiyə qədər deyilməmiş fikirləri aşkar edərək nizamişünaslığa və eləcə də musiqişünaslığa yeni əsərlər töhfə verəcəkləri şəksizdir. Onlar dünya ədəbiyyatının klassiki sayılan Nizami Gəncəviyə bir mütəfəkkir-şair kimi yanaşmış, yaradıcılığını isə ən qiymətli mənbə hesab etmişlər, bu obraz və mənbədən bəhrələnərək, axtarışlarını və istəklərini gerçəkləşdirərək Nizamiyə həsr olunan ən gözəl əsərlərini yazmışlar.
Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir. Təkcə Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı “Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin, Qara Qarayevin “Yeddi gözəl” baletinin, “Leyli və Məcnun” simfonik poemasının, Niyazinin “Xosrov və Şirin” lirik-romantik operasının, Fikrət Əmirovun “Nizami” baletinin, “Nizami” simfoniyasının adlarını çəksək, Nizami yaradıcılığının milli musiqimizin inkişafında nə qədər böyük rol oynadığını təsdiqləyə bilərik. Bu əsərlər musiqisevərlər üçün tükənməz ilham mənbəyidir.
Məruzəçi seminar boyu mövzu ilə bağlı çoxlu sayda musiqi materiallarından və kino fraqmentlərindən istifadə edərək slayd şəklində əməkdaşlara təqdim etdi.
Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirdi.
Daha sonra baş elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar ilə bağlı fikir mübadiləsi apararaq, məruzəçiyə dəyərli tövsiyyələrini bildirdilər.
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi,
Nərminə Hüseynova.