16 mart 2021-ci il
“Azərbaycan cəngi rəqsləri” məcmuəsi nəşr olundu
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi; Orqanaloqiya və akustika” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin yeni, “Azərbaycan Cəngi rəqsləri” adlı məcmuəsi nəşr olundu. Bu toplu Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir.
Bu məcmuə xalqımızın qəhrəmanlıq dastanına yeni səhifə yazan, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızın azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla böyük şücaət göstərən müzəffər ordumuzun qazandığı şanlı qələbəyə, eləcə də Azərbaycan musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin bizlərə miras qoyduğu Bakı Musiqi Akademiyasının böyük təntənə ilə qeyd edəcəyimiz 100 illik yubileyinə həsr olunmuşdur.
R.Bəhmənlinin bu tədqiqat əsəri Cəngi rəqsləri haqqında (aşıq cəngiləri istisna olmaqla) yazılmış ilk topludur. Bu qədim rəqs janri günümüzə kimi araşdırılmamışdır. Onun üçün də düşünürük ki, toplunun musiqimiz üçün əhəmiyyəti danılmazdır. Bu məcmuə xalq musiqi nümunələrinin toplanmasına və araşdırılmasına önəm verən və uzun illər bu sahədə böyük uğurlar əldə edən müəllifin gərgin əməyinin məhsuludur.
Kitabda xalqımızın qəhrəmanlığı, igidliyi, vətənpərvərliyi tərənnüm olunan qədim Cəngi havaları geniş tədqiq edilmiş, artıq unudulmuş, hafizələrdən silinmiş 28 cəngi rəqsinin not yazısı işıqlandırılmışdır. Bu, əsasında zurna havası kimi yaranan cəngilər arasında tarixi çox qədimlərə dayanan və şanlı Türk tayfalarının adlarını daşıyanlar (“Oğuzlar”, “Bayat qala”, “Bayandur” və s.), XVIII əsr Azərbaycan xanlıqları dövründə döyüşlərdən öncə zurna və təbillərin müşayiətində ifa edilən (Şəki, Şirvan, Naxçıvan, Qarabağ, Quba və s.) cəngiləri, gədim və müqəddəs Novruz bayramında keçirilən şənlikləri müşayiət etmək üçün ifa edilən (“Novruz” cəngisi, “At oyunu”, “Çaparı”, “Ləngəri”, “Kəbbadə” və s.) cəngiləri, zorxana yarışları, güləş səhnələri (“Cidai-gürz”, “Güşti”, “Pəhlivanı” və s.) kimi digər meydan tamaşalarına həsr edilmiş cəngilər vardır. Göründüyü kimi tarixən xalqımızın sevgisini və rəğbətini qazanmış bu cəngilər uzun illər laqeyd münasibət nəticəsində toplanmamış, araşdırılmamış və nota salınmamışdır.Azərbaycanda cəngi musiqisinə müraciət edən bəstəkarlar isə əksər hallarda Ü.Hacıbəylinin yazdığı “Cəngi” əsərini və ya aşıq musiqisində yaşayan cəngi saz havalarını əsas olaraq götürürdülər.
Biz Azərbaycan xalq musiqisinin toplanması və işıqlanmasında əvəzsiz xidmətləri olan Rauf Bəhmənliyə sonrakı yaradıcılıq işlərində uğurlar arzu etmək istərdik.
Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, doktorant
Əfəndiyev Ayxan