25 fevral 2021-ci il
Təhsil sistemində beynəlxalq əməkdaşlıq
Ü.Hacibəyli adına Baki Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika“ elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi Əli Əliyevin onlayn seminarı keçirildi.
Əli Əliyev çıxışında elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyini və insan sivilizasiyasının qlobal problemlərini vurğulayıb. Problemlər bütövlükdə cəmiyyətin inkişafında ali təhsilin və elmi tədqiqatların artmasını tələb edir.
Hazırda ali təhsil sistemində beynəlxalq əməkdaşlıq genişlənir, distant və virtual təhsil də daxil olmaqla təhsilin təmin olunmasının yeni formaları yaradılır.
Əli Əliyev öz çıxışında Azərbaycanın Boloniya təhsil sisteminə keçidi və təhsil sahəsində beynəlxalq əməkdaşlıq barədə məlumat verdi. Boloniya sisteminin əsas müddəalarına uyğun olaraq, Bakı Musiqi Akademiyası MDB və Avropa ölkələrinin musiqi universitetləri ilə əməkdaşlığı genişləndirir. Çoxtərəfli müqavilələr əsasında görkəmli müəllimlərin master-klassları, beynəlxalq konfransları keçirilir. Məruzəçi 1953-cü ildə Brüsseldə YUNESKO-nun təşəbbüsü ilə yaradılmış ISME(International Society for Music Education)-nin musiqi təhsili üzrə beynəlxalq cəmiyyətinin mühüm rol oynadığını, onun vəzifələrinə müəllim mübadiləsi, elmi və tədris-metodiki materiallar, müəllim və təhsilalanların beynəlxalq akademik mobilliyinin artırılması, vahid informasiya bazasının yaradılması məsələlərinin daxil olduğunu vurğuladı.
Əli Əliyev qeyd edib ki, 2018-ci ilin iyul ayında Bakıda 33-cü Beynəlxalq musiqi təhsili cəmiyyətinin ümumdünya konfransı keçirilib. Bir neçə gün ərzində müxtəlif ölkələrdən olan müəllimlərin, musiqişünasların, artistlərin iştirakı ilə forumlar, seminarlar, konsertlər, ustad dərsləri, mühazirələr, görüşlər keçirilib.
Seminarda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşunaslıq üzrə fəlsəfə doktoru , dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi İmina Əliyeva və aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar haqda öz fikirlərini bildirdilər.
Elmi işçi Nərminə Hüseynova