• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 fevral 2021-ci il

    Bəstəkar Aqşin Əlizadənin simfonik yaradıcılığı  - V simfoniya.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 2021-ci il 23 fevral tarixində elmi işçi Bəsti Kazımovanın onlayn seminarı keçirildi. 

    Məruzəçi  Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi, bəstəkar, professor C.Hacıyevin tələbəsi  Aqşin Əlizadənin simfonik yaradıcılığı ilə bağlı  ətraflı çıxış etdi.

    A.Əlizadə  yaradıcılığında Abşeron kənd həyatının obrazları, təsvirləri özünəməxsus yer tutur. Bununla yanaşı musiqimizə yeni obraz, yeni üslub gətirən bəstəkarlar sırasındadır. Bəstəkar yaradıcılığında Q.Qarayev və F.Əmirov üslubunun ənənələrinə xas olan cəhətləri mənimsəyərək özünəməxsus tərzdə davam etdirmiş və A.Əlizadə üslubunu yarada bilmişdir. Bu da əsasən onun simfonik yaradıcılığında özünü büruzə verir. Belə ki, bəstəkarın yaradıcılığında 5 simfoniya xüsusi əhəmiyyət kəsb edir. Simfoniyalarla yanaşı, bəstəkarın yaradıcılıq irsinə  kamera orkestri üçün “Uşaq süitası”, “Təntənəli marş”, “Abşeron lövhələri”, “Kənd süitası, “Qəhrəmanlıq musiqisi” əsərlərini göstərmək olar.

    Bəsti Kazımova bəstəkar Aqşin Əlizadənin simfonik yaradıcılığına müraciət edərək, hər simfoniyanın obrazını, üslub xüsusiyyətlərini, lad, məqam, milli alətlərin istifadəsi və bu alətlərin simfonik orkestrdə başqa alətlər qrupu ilə peşəkar formada uzlaşdırılması haqda ətraflı məlumat verdi. Əsasən də V  simfoniyanın təhlilini təqdim etdi. Milli köklər, xalq musiqisi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Məhz simfonik orkestr üçün nəzərdə tutulmuş V simfoniyada da bəstəkar xalq çalğı alətlərimiz olan  zurna, ney, balaban və sazdan istifadə etmişdir.

    Seminarda məruzəçi bəstəkar Aqşin Əlizadənin foto şəkillərini slayd şəklində və bir neçə əsərlərinin video səslənməsini təqdim etdi.

    Seminarda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov bəstəkar Aqşin Əlizadənin yaradıcılığı ilə bağlı həm maraqlı suallar, həmn də öz ürək sözlərini məruzəçiyə bildirdilər.  Sonda məruzəçi verilən sualları cavablandırdı. Seminar iştirakçısına söylənilən  dəyərli fikirlər seminarı daha da canlandırdı.

             

     Nəsirova Fidan, elmi işçi