16 fevral 2021-ci il
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Fəaliyyət Planı"nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə 2021-ci il 16 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün "Məişət zorakılığına YOX deyək!” adlı Zoom proqramı vasitəsi ilə vebinar keçirildi.
İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və xoş arzularını vebinar iştirakçılarına çatdırdı.
Yeganə xanım Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, vebinarı açıq elan etdi.
Sonra vebinarda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə mövzu ətrafında maarifləndirici məlumatlarla çıxış etdi.
Vebinarda geniş müzakirələr aparıldı. Görüşdə BMA-nın professor-müəllim heyəti də fəal iştirak edərək, təlimçiyə suallar ünvanlayaraq, ailə-məişət zorakılığı, onun növləri, erkən evlilik, cəmiyyətdə gender bərabərliyi, iqtisadi, psixoloji zorakılıq, fiziki zorakılıq, şiddət və onun həlli yolları ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək, gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihələr, təlimlər həyata keçirməyin, eyni zamanda müəyyən tədbirlərin görülməsinin zəruriliyini qeyd etdilər. T.Hüseynov həmçinin tələbələrin ailə-məişət zəminində üzləşdikləri problemlər və ya bu kimi hallar yaranacağı təqdirdə-psixoloji zorakılıq haqqında onların verdikləri suallara ətraflı cavab verərək, mövzunun hüquqi tərəflərini də izah etdi.
Bütün tələbələr vebinarda aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, mövzunun onlar üçün faydalı olduğunu, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər.
"Məişət zorakılığına Yox deyək!" adlı vebinarın moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova olmuşdur.