12 fevral 2021-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı II vebinarı keçirdi
Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək şanlı tarix yazdı. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə dəf olundu. Lakin düşmən tərəf informasiya müharibəsini davam etdirməkdədir. Bununla əlaqədar olaraq ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı 12 fevral tarixində onlayn 2-ci vebinar keçirildi.
İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək Azərbaycan və SSR Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq xoş arzularını vebinar iştirakçılarına çatdırdı. Yeganə Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, vebinarı açıq elan etdi.
Sonra vebinarda Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", "Media məkanımıza müdaxilədə başlıca hədəflər", “Dezinformasiya ilə mübarizə”, “Eyni xəbərin fərqli təqdim olunma üsulları”, “Vacib mövzularda güvənilən və rəsmi xəbər mənbələrinə müraciətin önəmi”, mövzuları ilə ətraflı çıxış etdi. O, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında və informasiya mübadiləsi zamanı düşmənin hədəfinə çevrilməmək, qarşı tərəfdən manipulasiya edilməmək üçün diqqətli olmağın vacib olduğunu vurğulayaraq maraqlı tövsiyələr verdi. Qeyd edək ki, bu mövzu ilə bağlı ilk vebinar dekabr ayında keçirilmişdir, BMA-nın müəllim-tələbə heyətinin çoxsaylı istəklərini nəzərə alaraq əməkdar jurnalist Vüqar Zifəroğlunu dəvət edərək ikinci vebinar təşkil olundu.
Vebinar diskussiya formatında keçirildi. Görüşdə BMA-nın professor-müəllim heyətindən, professor Mina Hacıyeva, dosent Xatirə Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə öz təcrübələrini bölüşərək bu qlobal məsələyə dair fikirlərini söylədilər. Müəllim və tələbələr qonağa suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd etdilər. Həmçinin BMA-nın işçi heyətindən Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, baş müəllim Günel Eyvazzadə, Fortepiano fakültəsi tyutoru, f-no orqan klavisin kafedrasının müəllimi Gülnar Mirqasım, Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə mütəxəssisi Zülfiyyə Şəfiyeva, , Fortepiano İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbə heyəti də vebinarda dinləyici qismində iştirak etmişlər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər.
Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova olmuşdur.