• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 fevral 2021-ci il

    “Vokaliz musiqinin sözsüz dilidir”

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Mehparə Rzayevanın  seminarı  keçirilmişdir.  “Azərbaycan bəstəkarlarının yaradıcılığında vokaliz janrı” adlı mühazirə ilə çıxış etmiş M.Rzayeva, ilk öncə BMA-nın 100 illik yubileyinə həsr olunmuş  “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri”  adlı monoqrafiyası haqqında məlumat vermişdir.  Daha sonra  vokaliz  janrının tarixi inkişaf yolu haqqında və bu janrın gənc vokalçılara ünvanlanan solo-ifaçılıq üçün nəzərdə tutulan texniki solfecio-etüd tipli vokalizlər, klassik romans janrına yaxın olan, lirik ehtiraslı vokalizlər və iri həcmli simfonik orkestr ilə səsin ifasında verilən vokalizlər haqqında məlumat vermişdir. M.Rzayeva XX əsrdə Azərbaycanda vokal musiqi mədəniyyətinin inkişaf istiqamətlərini iki tendensiyanın xarakterizə etdiyini bildirərək qeyd etmişdir: “Bir tərəfdən xalq  musiqiçilərinin fəaliyyəti aktiv surətdə davam edir, şifahi ənənələr incəsənəti zənginləşdirir, digər tərəfdən musiqi məişətinə avropa musiqi mədəniyyətinin təsiri ilə sıx bağlı yeni musiqi formaları daxil olur və tədricən möhkəmlənirdi”.

    Azərbaycan vokal musiqisi tarixində Tofiq Quliyevin vokalizlərinin açdığı yeni səhifədən, Ca­han­gir Ca­han­gi­ro­vun, Oqtay Rəcəbovun, Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun bu janra verdikləri tövhələrdən, həmçinin müasir Azərbaycan vokal musiqisində vokaliz janrının daha sərbəst formalı, daha ritmik və müxtəlif cərəyanları özlərində birləşdirən sənət əsərlərindən; Gülnaz Abdullazadə, Sevda İbrahimova, Eldar Mansurovun vokaliz janrında bəstələdikləri əsərlərin özlərinə məxsus temperament və ekspressivliyi ilə müasir yazı üslubunu özündə ehtiva etdiyi vurğulanmışdır. Gülnaz Abdullazadənin  səs və fortepiano üçün yazdığı “Azərbaycan vokalizləri” məc­muə­si və Sevda İbrahimovanın “Vokal musiqi albomuna” daxil etdiyi vokalizləri  üzərində xüsusilə dayanaraq, qeyd olunmuşdur ki, əsərlər Azərbaycan musiqi tarixində klassik vokaliz janrının ən dəyərli nümunələridir.

     Seminar boyu M.Rzayeva  mövzu ilə bağlı musiqi nümunələri səsləndirmişdir.

     Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, xalq artisti, professor Zümrüd Məmmədova, əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev,  aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli, aparıcı elmi işçi , bəstəkar R.Ramazanov və  laboratoriyanın digər üzvləri mövzu ətrafında  maraqlı müzakirələr apararaq dəyərli fikirlərini bildirmiş və  BMA-nın 100 illik yubileyinə həsr edilən “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” monoqrafiyasının müəllifi M.Rzayevanı bu janrda apardığı dəyərli tətqiqatı ilə bağlı bir daha təbrik edərək, yeni yaradıcılıq uğurları diləmişlər.     

     

                            

    Elmi-tədqiqat laboratoriyasının elmi işçisi

    Könül Əhmədova