• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    fevral 2021-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın fevralın 4-də “N.A.Qarbuzovun zona nəzəriyyəsi: suallar və cavablar” adlı elmi seminarı keçirilmişdir.

    Məruzəçi səs zonası daxilində fərqli akustik xüsusiyyətlərə malik səslərin eyni keyfiyyətdəki səslər kimi qəbul edilməsi (məsələn, 1-ci oktavanın lya səsi yalnız 440 Hz deyil, 445, 450, 438 və s. ola bilər) haqqında məlumat vermişdir. Eyni zamanda, bu zonadakı qeyd olunan nüansların böyük bədii əhəmiyyətə malik olmasını vurğulamışdır. Bu “ikililiyi” izah etmək üçün İ.Əliyeva “qeyri-mükəmməl” eşitmə zo­nası  və bədii cəhətdən şərtləndirilmiş intonasiya zonası kimi  anlayışların müvafiq olduğunu təklif  etmişdir.

    Daha sonra İ.Əliyeva bildirmişdir ki, Azərbaycan məqamlarının bütün intervalları da N.A.Qarbuzovun ölçdüyü zonalara daxildir və beləliklə də, Ü.Hacıbəylinin Avropa notasiya tətbiqi nəzəri izahını və ədədi təsdiqini tapmışdır.

    Seminarı idarə edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə maraqlı suallarla seminarı daha da canlandırmışdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin məruzəçi ilə diskussiyası xüsusilə maraq doğurmuşdur.

    Daha sonra seminarın sonunda elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Ayxan Əfəndiyev məruzəçiyə  müxtəlif maraqlı suallar yönləndirərək çıxış etmişlər.

     

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Məhəmməd Vəliyev