• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    fevral 2021-ci il

    “Azərbaycan bəstəkarlarının musiqili komediyalarında Nəsibə Zeynalovanın rolu ”.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi : Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında  aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ruqiyyə Süleymanovanın onlayn qaydada seminarı keçirilmişdi.

    Məruzəçi Azərbaycanın görkəmli kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, 40 ildən çox işlədiyi sənət ocağının bütün əsas yaradıcılıq yükünü çiyinlərində daşıyan Nəsibə  Zeynalovanın həyat və yaradıcılığı haqqında ətraflı çıxış edərək müxtəlif maraqlı faktlar təqdim etdi.

    Teatr və kino aktyorları arasında elə sənətkarlar var ki, şöhrəti, yaratdığı və həyat verdiyi  obrazları  yaddaşlarda əbədi yaşayır.  Məşhur gülüş ustası, Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış sənətkarın, musiqili teatrımızın inkişafında böyük rolu olmuşdur. O, səhnədə yaratdığı obrazlara görə müxtəlif illərdə dövlətimiz tərəfindən xüsusi mükafatlara layiq görülmüşdür. R. Süleymanova onu da qeyd etdi ki, Nəsibə Zeynalovaya “Dövlət Mükafatı Laureatı”,“Hicran” musiqili komediyasındakı “Qızbacı” roluna görə verilmişdir. Nəsibə xanım Zeynalovanın kino obrazları içərisində  Fatmanisə(“Ögey ana”); Cahan xala (“Arşın mal alan”); Telli(“Böyük dayaq”); Züleyxa(“Ulduz”); Cənnət xala(“Qaynana”);  Əsli xala(“Bəyin Oğurlanması”) , zəngin teatr tamaşalarında Cəhrə xala(“Altı qızın biri Pəri”); Zeynəb(“Nənəmin şahlıq quşu”); Nazxanım(“Nazxanım Naz eləyir) və s. kimi rolları haqqında xüsusilə ətraflı məlumat verən məruzəçi müxtəlif  musiqili nömrələr nümayiş etdirmişdir.

    Məruzəçi seminarda Azərbaycan operettaları və musiqi komediya janrında yaranmış bir çox maraqlı əsərləri təhlil etmiş, tamaşaçıların bədii vasitələr sistemində musiqi ünsürünün dramaturq funksiyasını araşdırmışdır. 

    Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə; xalq artisti, professor Zümrüd Məmmədova; aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva; böyük elmi işçi Zeynal İsayev; sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli; elmi işçi Fidan Nəsirova  və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildirdilər.

    Elmi işçi,

     Bəsti Kazımova.