2 fevral 2021-ci il
“Türk beşləri və onların müasir musiqidə tutduqları mövqe”
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, doktorant Ayxan Əfəndiyevin “Türk beşləri və onların müasir musiqidə tutduqları mövqe” mövzusunda onlayn qaydada seminarı keçirilmişdir.
Məruzəçi Mustafa Kemal Atatürkün Türk musiqisinə göstərdiyi qayğıdan, musiqiçilərin, şairlərin və ümumiyyətlə bir çox incəsənət adamlarının dövlət hesabına xaricdə təhsil almalarına yardım etməsindən və ən əsas da, “türk beşliyi”ni birləşdirən ümumi məqamlardan bəhs etmişdir. Seminarda beşliyi birləşdirən ümumi məqamlardan çağdaş türk musiqisinin inkişafına inam, modern-evrensel musiqi forması, musiqi dilinə müraciət və çoxsəsli musiqidən istifadə xüsusilə qeyd olunmuşdur.
Seminarda Ayxan Əfəndiyev türk beşliyinə daxil olan bəstəkarlar: Cemal Reşit Bey, Adnan Sayqun, Hasan Ferit Alnar, Necil Reşit Rey ,Ülvi Cemal Erkin və onların yadacılığında xüsusi yer tutan əsərlər haqqında məlumat vermişdir. Əsərlərdən: “10-cu il marşı”, “Yunus Emre” oratoriyası ,“Yalova Türküsü”, “Keloğlan” baleti məruzəçi tərəfindən xüsusilə qeyd olunmuş və bu əsərlərin turk musiqi tarixində əhəmiyyətindən bəhs edilmişdir.
Bununla yanaşı seminarda Türk musiqi yaradıcılığının və inkişafının Azərbaycan musiqisi ilə müqayisəli təhlili iştirakçılar arasında maraqlı müzakirələrə səbəb olmuşdur.
Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, elmi işçi Könül Əhmədova mövzu ətrafında öz dəyərli fikirlərini bildirmiş və məruzəçiyə dəyərli tövsiyələr vermişlər.
Rüqiyyə Süleymanova
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
.