31 yanvar 2021-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri”adlı kitabı işıq üzü görmüşdür.
Vətənimizin torpağ bütünlüyünü təmin etdiyi bir dövrə təsadüf etdiyindən təqdim olunan kitabın aktuallığı və dəyəri qat-qat artıqdır. Təqdim olunmuş bu kitabda Azərbaycanın qədim tarixə malik xalq rəqs havalarının ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsindən bəhs edilir.
Artıq uzun illərdir ki, milli musiqimiz erməni musiqiçiləri tərəfindən oğurlanaraq, istər el şənliklərində, istərsə də radio və televiziyada səsləndirilərək yayımlanmış, eləcə də erməni bəstəkarlarının əsərlərində geniş istifadə edilmişdir.
Dərc olunmuş kitabda erməni musiqişünaslarının və tədqiqatçılarının oyun havalarımızın çoxunun adını bilərəkdən dəyişdirərək, eləcə də onları bəstəkar əsəri kimi təqdim edərək mənimsəmələri haqqında geniş məlumatlar verilmiş və bu məlumatlar müəllif tərəfindən inkar edilərək tutarlı faktlarla və not yazı nümunələri ilə sübuta yetirilmişdir. Qeyd etməliyik ki, müəllif mövzu ilə bağlı nümunə kimi göstərilmiş 30 xalq rəqs havasının not yazılarını işıqlandırmışdır.
Azərbaycanın folklor musiqi irsini dərindən öyrənən və uzun illər qədim xalq rəqslərimizin toplanması və araşdırılması ilə məşğul olan R.Bəhmənli bu gün Azərbaycan milli rəqslərimizi araşdıran qabaqcıl tədqiqatçılardan biridir. O, 1983-cü ildən bu günə kimi Azərbaycanın bir çox bölgələrini, ucqar kəndlərini gəzərək qocaman musiqiçilərin, ustad sənətçilərin ifasından 450-dən çox qədim oyun havalarını toplamış və nota yazmışdır. Hələ sovetlər dönəmində nəşr olunmuş müxtəlif erməni mənbələrini tədqiq edən müəllif plaqiat faktlarını araşdırmış, geniş tədqiqat işi apararaq bu melodiyaların Azərbaycan xalq rəqs havalarına aid olduqlarını aşkara çıxararaq sübut etmişdir. Milli rəqslərimizin etimologiyasını, yaranma tarixini, oyun qaydalarını, ritmik xüsusiyyətlərini də araşdıran R.Bəhmənli həm də oyun havalarımızın öyrənilərək, ifa edilərək üzə çıxarılması, eləcə də xoreoqraflar tərəfindən onlara yeni quruluş verilərək səhnələşdirilməsi və beynəlxalq məkanda nümayiş olunmasının çox vacibliyini vurğulamışdır.
Qeyd etməliyik ki, bu kitabın işıq üzü görməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rəhbərliyinin xüsusi dəstəyi vardır. İnanırıq ki, R.Bəhmənlinin yeni dərc olunmuş kitabı Azərbaycan xalq musiqisi üzərində ermənilərin əsrlərlə plaqiat siyasətinə qarşı, həqiqətlərin bütün dünyaya bəyan edilməsi yolunda aparılan mübarizəmizdə yardımçı olacaqdır.
Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi,doktorant
Əfəndiyev Ayxan