• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 yanvar 2021-ci il

    Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı haqqında iki cildlik kitabın birinci cildi nəşr olunub

     İncəsənət tarixində elə bir zaman gəlir ki, müəyyən bir dövr ərzində toplanmış təcrübənin yaradıcılıqda ümumiləşdirilməsi və mədəni dəyərlərin yaradılması dövrü çatır və bu da əvvəlki dövrün bir çox sənətkarlarının axtarışlarının və nailiyyətlərinin daha dolğun və parlaq təcəssümünü özündə cəmləşdirir. Belə dövrlər incəsənətin inkişaf yollarının özünəməxsus zirvəsidir ki, bu zirvədən keçmişə nəzər yetirib, gələcək perspektivləri görmək olur. 

    Bu cür mərhələ dövrlərdə sənətkarların yaradıcılığı geniş yayılaraq, öz dövrünün hüdudlarından kənara çıxır, öz Vətəninin sərhədlərini aşır və ümummilli əhəmiyyət kəsb edir. Bu, ona görə mümkün olur ki, bu kimi yaradıcılıq özünəməxsus milli mədəniyyətin və dünya incəsənətinin mütərəqqi ənənələrinin qovuşdurulması əsasında meydana gəlir.

    1960-70-ci illər Azərbaycan musiqi-ifaçılıq mədəniyyətində belə mərhələlərdən biri olub, müasir zəmanənin görkəmli pianoçusu, SSRİ və Azərbaycanın xalq artisti, Dövlət mükafatı və beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “İstiqlal” ordenləri kavaleri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin yaradıcılığı ilə bağlıdır. Onun çoxcəhətli ifaçılıq, pedaqoji və musiqi-ictimai fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rol oynamış və öz ölkəsinin sərhədlərini aşaraq, onun beynəlxalq miqyasda tanınmasına rəvac vermişdir.

    Hələ 1967-1968-ci illərdə 20 yaşlı gəncin istedadı nüfuzlu beynəlxalq müsabiqələrdəki qələbələrlə parladı. Bu, özünəməxsus bir təkan nöqtəsi olub, milli ifaçılıq mədəniyyətinin dünya səhnəsində gələcək nailiyyətlərinin başlanğıcını qoydu.

    Fərhad Bədəlbəylinin yaradıcılığının  araşdırılmasına və ümumiləşdirilməsinə həsr olunmuş ilk nəşrin: “Фархад Бадалбейли. Статьи, материалы” (“Fərhad Bədəlbəyli. Məqalələr, materiallar”; müəllif-tərtibçilər: Tərlan Seyidov, Aida Hüseynova; elmi redaktorlar: Elxan Babayev, Fərəh Əliyeva. – Bakı: QAPP-Poliqraf, 1997. – 182 s.) işıq üzü görməsindən 20 ildən artıq vaxt keçir. 

    Bu ilk nəşrdən sonra keçən dövr musiqiçinin zəngin yaradıcılıq tərcümeyi-halında yeni nailiyyətlərlə əlamətdar olmuş, yerli və xarici dövri mətbuatda, internet-portallarda və bir neçə kitablarda – Könül Hüseynovanın “Musiqimizin Fərhadı”, Fazil Rəhmanzadənin “Bədəlbəylilər”, Tərlan Seyidovun “Поэт фортепиано” (“Fortepiano şairi”) – geniş işıqlandırılmışdır.

    Yeni kitab 2021-ci ildə qeyd olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur ki, bunun son 30 ili bizim görkəmli müasirimiz, musiqiçi və ictimai xadim Fərhad Bədəlbəylinin layiqli rəhbərliyi altında keçmişdir.  

    F.Bədəlbəyli haqqında kitab Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təcrübə və elmi-eksperimental bazası olan  Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanmışdır. Bu kitab əvvəlki nəşrləri toplayıb ümumiləşdirməklə yanaşı, xronoloji ardıcıllıqla yeni materialları və sənədləri, eləcə də Musiqiçinin özünün məqalələrini və müsahibələrini cəmləşdirir.

    Bizim təqdim etdiyimiz nəşr iki cilddən ibarətdir. Bu yaxınlarda birinci cild – “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı: məqalələr, rəylər, müsahibələr, materiallar” (392 səhifə) – “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmışdır (müəllif-tərtibçi – Tərlan Seyidov, elmi redaktorlar – Elmira Mustafayeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova və Sevda Məmmədova, rəyçi – akademik Zemfira Səfərova). Bu, F.Bədəlbəylinin və BMA-nın Orta ixtisas məktəb-studiyasının 40 illik sıx əməkdaşlığının nəticəsidir. Bu əlaqə birgə fəaliyyətin bir çox aspektlərində – beynəlxalq və respublika miqyaslı elmi-ifaçılıq müsabiqələrinin, konfranslarının, festivallarının keçirilməsində, elmi işlərin redaktə olunması və metodik vəsaitlərin nəşrində  özünü büruzə verir.

    Zaman göstərdi ki, bu illər ərzində onun şəxsiyyətinə və yaradıcılıq fəaliyyətinə maraq nə qədər yüksəlmişdir. Bu baxımdan, Fərhad Bədəlbəylinin də yaradıcılıq tərcümeyi-halı haqqında onun həyatı ilə bağlı faktlara əsaslanan elmi və populyar kitabların yaradılması zərurəti meydana gəlmişdir. Bakı Musiqi Akademiyasının məktəb-studiyasının kollektivi F.Bədəlbəyli haqqında iki cildlik kitabın nəşrini hazırlayarkən məhz buna əsaslanmışdır. 

    Təqdim olunan kitabın əsas məqsədlərindən biri – yeni tədqiqatlar üçün material mənbəyini təşkil etməsi ilə bağlıdır. Digər bir məqsəd – bizim və xarici yaradıcı ziyalıların öz həmkarı, dostu, müəllimi, gözəl musiqiçi və insan haqqında rəylərini nəşr etməkdən ibarətdir. 

    Bizim kitabımız həqiqi və hərtərəflli sənədlərə əsaslanaraq, 300-ə yaxın qəzet və jurnal nəşrlərini, rəyləri, tədqiqat xarakterli məqalələri, müsahibələri, həmçinin, F.Bədəlbəylinin özünün müxtəlif illərə aid məqalələrini, onun seçilmiş musiqi əsərlərini və şeirlərini əhatə edir.

    Bir nəşrdə F.Bədəlbəyli kimi çoxcəhətli şəxsiyyət haqqında bütün materialları və nəşrləri toplamaq mümkün deyil. Buna görə də onlar iki cilddə yerləşdirilmişdir ki, bunlardan ikinci cild də hazırda bizim tərəfimizdən çapa hazırlanır.

    F.Bədəlbəylinin professional və ictimai fəaliyyət sahələri olduqca geniş və rəngarəngdir. Lakin biz əlmizdə olan materiallardan ən maraqlı olanları, F.Bədəlbəylinin həyat və yaradıcılığını, onun sənət yolunun başlanğıcından bu günə kimi, dəqiq və həqiqi surətdə əks etdirən  parlaq faktları və sənədləri seçməyə çalışmışıq.

    Kitabın birinci cildi şərti olaraq üç yerə bölünmüşdür. Birinci bölmə – F.Bədəlbəyli haqqında görkəmli ədəbiyyat və incəsənət xadimləri, məsləkdaşları və həmkarları tərəfindən yazılmış rəylərdən və məqalələrdən ibarətdir (müəlliflər: SSRİ xalq artistləri, bəstəkarlar Qara Qarayev və Fikrət Əmirov, pianoçular Yakov Fliyer və Yakov Zak, SSRİ xalq rəssamı Mikayıl Abdullayev, Azərbaycanın xalq artistləri, bəstəkar Cövdət Hacıyev və F.Bədəlbəylinin müəllimi pianoçu Mayor Brenner; Azərbaycanın xalq yazıçıları Fikrət Qoca, Anar və Çingiz Abdullayev, respublikanın xalq artistləri – teatr rejissoru Azər Paşa Nemətov, teatr və kino aktyoru Şəfiqə Məmmədova,  Rusiyanın xalq artisti Aleksandr Bonduryanski, Azərbaycanın xalq artisti Yeganə Axundova, BMA-nın professorları İsmayıl Hacıbəyov, Fərəh Əliyeva, Nərminə Quliyeva, Tahirə Yaqubova, Tariyel Məmmədov, Zümrüd Dadaşzadə, Leyla Məmmədova-Fərəcova, Tərlan Seyidov və b.). Bu bölmə F.Bədəlbəylinin tələbələrinin oçerkləriilə (müəlliflər: pianoçular Yuri Sayutkin, xalq artistləri Murad Adıgözəlzadə və Murad Hüseynov) tamamlanır. 

    Eyni bir mövzunu müxtəlif cəhətlərdən işıqlandıran yaradıcı insanların öz istedadı baxımından,özünəməxsusbaxışları həmişə çox maraqlıdır. Haqqında yazılan şəxsiyyət nə qədər çoxcəhətli olursa, onun portret çizgiləri də bir o qədər rəngarəng olur. İstedadın vahid simasını əmələ gətirən mozaika kitabın birinci hissəsində təqdim olunaraq, ikinci hissədə də öz davamını tapmışdır. 

    Kitabın ikinci hissəsinə ötən əsrin 60-cı illərindən başlayaraq, bu nəşrin hazırlanmasına qədərki dövrdə mətbuatda çap olunmuş yazılar daxil edilmişdir. Burada F.Bədəlbəylinin qastrol səfərlərinin dolğun marşrutu, onun pianoçu, ansambl üzvü, ictimai-siyasi xadim kimi çıxışlarını əks etdirən materiallar öz əksini tapmışdır. Müxtəlif çap nəşrlərini təmsil edən ayrı-ayrı jurnalistlər F.Bədəlbəylinin fəaliyyətini işıqlandıraraq, bir cəhəti vurğulayırlar: “İstedad – həmişə yenidir, həmişə maraqlıdır!” 

    Kitabda təqdim olunan materialın inkişafı, fikrimizcə, “kreşendo” ilə gedir. Düşünən oxucu və dinləyici üçün, şübhəsiz ki, kitabın üçüncü hissəsində çap olunmuş F.Bədəlbəylinin məqalə və müsahibələrində əks olunan onun özününmənəvi aləmi daha böyük maraq kəsb edəcək. Bu nəşrlərin mövzusu çox rəngarəngdir ki, bu da kitabın üçüncü hissəsinin beş bölməyə ayrılmasını şərtləndirmişdir:

    - Musiqi və musiqiçilər haqqında. Bəstəkarlar Üzeyir Hacıbəyli (“Üzeyir ənənələri ölməzdir”), Qara Qarayev (“Böyük sənətkarın yüksək adı”), bəstəkar və dirijor Niyazi (“Gözəl müəllim, qayğıkeş insan”), öz müəllimi professor Mayor Rafailoviç Brenner haqqında, Azərbaycan musiqi-ifaçılıq mədəniyyətinin və onun intellektual potensialının təhlili, bəstəkar və ifaçı yaradıcılığının inteqrasiyası (“Müasir ifaçılıq sənəti: reallıq və perspektivlər”), mədəni müstəvidə və təhsildə klassik və caz ifaçılıq sənətinin uzlaşdırılması (“Akademik hazırlıq cazı daha da maraqlı edir”) haqqında oçerklər öz əksini tapır. 

    - Zaman və mədəniyyət haqqında.Azərbaycan milli mədəniyyətinin problemləri ümumbəşəri mədəniyyətlə əlaqədə öyrənilir, keçmişlə indiki zaman arasındakı böhranın həlli məsələləri, incəsənətin dəyərləndirilməsi meyarları irəli sürülür. Bir sıra məqalələrdə (“Ruhun intibahı”, “Xalq hakimiyyəti və mədəniyyət”, “Mədəniyyəti dirçəltmək lazımdır”, “Millətin intellektual təbəqəsini qorumaq zəruridir” və s.) ziyalıların rolu, cəmiyyətin həyatının keçid dönəmlərində onun vətəndaşlıq mövqeyi  işıqlandırılır, hər yerdə səslənən aşağı səviyyəli popslar müqabilində klassik musiqinin nüfuzunun yüksəldilməsi problemləri nəzərdən keçirilir. 

    - Musiqi təhsili haqqında. İbtidai (“Mənəvi aləmin zənginliyi”) və ali (“BMA-nın bir çox məzunları ulduzlara çevriliblər”) təhsil haqqında, onun problemləri və həlli yolları haqqında (“Ölkəmizdə akademik musiqi mədəniyyətini qoruyub saxlamaq üçün onun inkişafının yeni yollarını axtarmaq lazımdır”).

    - Festivallar və müsabiqələr haqqında. Üzeyir Hacıbəyli adına, L.və M.Rostropoviçlər adına festivallar, Qəbələdə onun rəhbərliyi altında təşkil olunan və keçirilən festivallar, onların çərçivəsində ustad-dərsləri və pianoçuların müsabiqələri.

    - Özü və digərləri haqqında (“Həyat qanunları”, “Fərhad Bədəlbəyli olmaq asandırmı?”, “Mən rektor vəzifəsində olaraq, yaradıcı insan kimi çox şeyi itirdim”, “Musiqi və sair haqqında”, “ABŞ-da qastrollar” və b.).

    F.Bədəlbəylinin məqalələri və müsahibələri ilə tanış olduqca, onun növbəti problemə necə maraqla yanaşmasına, onu necə səmimi qəlbdən daha tez və daha yaxşı həll etmək istəyinə bir daha heyrətlənirsən. Bu, istər reallıq və müasir ifaçılıq sənətinin perspektivləri və ya millətin intellektual təbəqəsinin qorunmasıhaqqında ciddi mülahizələr olsun, istər dünyasını dəyişmiş həmkarları haqqında xatirələr və ya gənc ulduzlarla – rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının məzunları ilə bağlı qürur hissi,  Qəbələ Beynəlxalq Musiqi Festivalı  (onun “övladı”!)  haqqında düşüncələri və ya azad olunmuş Şuşada musiqi məktəbi tikməklə bağlı arzuları olsun – bütün nəşrlərdə oxucu qarşısında istedadlı olmaqla yanaşı, çox narahat bir insan aləmi canlanır və onun həyatının əsas məqsədi xalqına bəxş etdiyi mədəniyyət və incəsənətdən ibarətdir. Və o, bunu çox ləyaqətlə həyata keçirir!

    Kitab Fərhad Bədəlbəylinin şeirləri ilə – parlaq istedadlı musiqiçinin  poetik yaradıcılığının ən yaxşı nümunələri ilə  yekunlaşır.

    Tərlan SEYİDOV,

    F.Bədəlbəylli haqqında kitabların müəllifi və tərtibçisi,

    Azərbaycanın əməkdar incəsənət xadimi,

    Sənətşünaslıq üzrə elmlər doktoru,

    Məktəb-studiyanın yaradıcısı və direktoru,

    Ü.Hacıbəyli  adına  Bakı Musiqi Akademiyasının professoru