• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 yanvar 2021-ci il

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycanın xalq artisti, professor, akademik Arif Cahangir oğlu Məlikova həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtay qızı Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə “Şərq – Qərb” nəşriyyatında çapdan çıxmışdır.

    Təqdim olunan kitabda bəstəkar yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir.

    Kitabda dünya şöhrətli bəstəkarın yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb. Müəllif tərəfindən Arif Məlikovun fortepiano prelüdləri, pyesləri, “Ötəri anlar” silsiləsi, “Təzadlar” fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə üç romans silsiləsi, Almas İldırımın sözlərinə “Azərbaycan” balladası nəzərdən keçirilmişdir.

    Nəşrin ikinci hissəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr daxil olunub.

    Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürülmüşdür.

    Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb.