22 dekabr 2020-ci il
Azərbaycan və Özbəkistan arasında elm və musiqi əlaqələri
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Özbəkistan Dövlət Konservatoriyası arasında ötən il imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən 22 dekabr 2020-ci il tarixində “Azərbaycan və Özbəkistan arasında elm və musiqi əlaqələri: problemlər və perspektivlər” mövzusunda ilk onlayn dəyirmi masa keçirilmişdir. Görüşdə BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyası və ÖDK-nın “Musiqi səsrejissorluğu və informatika” kafedrasının rəhbərliyi və əməkdaşları iştirak edirdi.
Görüşdə hazırki dövrdə hər iki təhsil ocaqlarının mövcud imkanları, elm-tədqiqat təcrübəsinin ötürülməsi, elmi araşdırılmaların birgə aparılması, mədəni körpünün yaradılması və alimlərin mübadiləsi, yeni ideyaların təklifi kimi mövzular üzərində dayanılmışdır. Tədbirdə BMA-nın prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Özbəkistanın əməkdar artisti, ÖDK-nın elm və innovasiyalar üzrə prorektoru, professor Sayora Qafurova iştirak edirdi. Elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə laboratoriya kollektivinin ardıcıl uğurlu layihələri haqqında qonaqları məlumatlandırdı. Aparıcı elmi işçi Zeynal İsayev “Kamança alətinin spektral analizi” məruzəsi ilə çıxış etdi. ÖDK “Musiqi səsrejissorluğu və informatika” kafedrasının rəhbəri Qafurova Şahida və doktorant, kafedranın baş müəllimi Aleksey Xımırov iştirakçıları kafedranın nəzdində fəaliyyət göstərən səsyazma studiyasını video materillar və fotolar vasitəsi ilə tanış etmiş, kafedranın iş prinsipi və tədris proqramı ətrafında danışmışlar.
Görüşdə kamançada əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin ifasında canlı olaraq “Çahargah” muğamından parça səsləndirildi. Sonda xalq artisti Mənsum İbrahimov ilə Ulduz Turdiyevanın ifasında “Qarabağ şikəstəsi” ilə tədbir sona yetdi.
BMA-nın elmi-tədqiqat laboratoriyasının
Elmi işçisi və Doktorantı İSRAFİLOVA İLAHƏ QİSMƏT