• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2020-ci il

    “Azərbaycanın klassik 12 instrumental muğamı” dərsliyi nəşr edilib. 

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq, professor Arif  Əsədullayevin uzun illərin bəhrəsi olan “Azərbaycanın klassik 12 instrumental muğamı” dərsliyi nəşr edilib.  Dərslik, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə, Azərbaycan Dövlətinin ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olanların əbədi xatirəsinə ithaf olunub.

    Dərslikdə muğam sənətinin qorunub saxlanılmasında müstəsna  xidmətləri olan, tanınmış kamança ustadı Arif  Əsədullayevin uzun illər ərzində nota saldığı -“Mahur hindi”, “Qatar”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Rahab”, “Nəva”, “Dəsti”, “Bayatı-Kürd”, “Xaric segah” – instrumental muğamlar dərc olunaraq geniş musiqi ictimaiyyətinə təqdim edilmişdir.

    “Azərbaycanın klassik 12 instrumental muğamı”  dərsliyinin əsas elmi mahiyyəti ondan ibarətdir ki,  nota salınaraq təqdim olunan instrumental muğamlar bəstəkar və musiqişünaslıq yaradıcılığında, Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası, ADMİU-nin tələbələri,  incəsənət və musiqi təmayüllü orta məktəblərin, gimnaziyaların, musiqi kolleclərinin sagirdləri üçün nəzərdə tutularaq, onların arxalana biləcəyi olduqca mühüm vəsaitdir.

    Arif Əsədullayev 20 ilə yaxındır ki, muğamlarımızın notlaşdırılması istiqamətində olduqca önəmli elmi tədqiqatla məşğuldur. İllər öncə ustad,  “Çahargah”, “Humayun”, “Rast”, “ Bayatı-Şiraz”, “Zabul Segah”, “Şur” və “Şüştər” muğamlarını nota salaraq dərc etdirmişdir.

    Bundan əlavə Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycan instrumental muğamlarını notlaşdıraraq üç məcmuə  dərc etdirmişdir ki, bu məcmuələr də həm tədrisdə, həm də solist –ifaçılar üçün misilsiz istinad məmbəyidir.

    Arif Əsədullayevin dərc etdirdiyi hər bir məcmuə muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan çatdırılmasında əvəzsiz elmi iş və məmbədir.

    “Azərbaycanın klassik 12 instrumental muğamı”  dərsliyinin  Mədəniyyət və Təhsil  Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılması nəzərdə tutulub.

     

    Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva