30 oktyabr 2020-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının da üzv olduğu Qara Dəniz Universitetləri Şəbəkəsində Azərbaycanı təmsil edən universitetlərin beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə Təhsil Nazirliyinin tövsiyələrinin müzakirə edilməsi məqsədi ilə 30 oktyabr 2020-ci il tarixində görüş təşkil olunub.
Qeyd edək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının məqsəd və hədəfləri çərçivəsində region ölkələri arasında təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin dəstəklənməsi məqsədi ilə yaradılmış qurumdur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 100-dən artıq ali təhsil müəssisəsi üzvdür. Şəbəkənin İcraiyyə Komitəsi isə Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rusiya, Moldova, Serbiya, Yunanıstan kimi ölkələrin universitet rektorlarından ibarətdir.
Məlumdur ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetlər Şəbəkəsinin İcraçı şurasına üzv seçilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin Şəbəkə çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi işi BANM-ə həvalə olunmuşdur.
ATM-lərin beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə keçirilmiş görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib. Görüş zamanı şəbəkədə Azərbaycanı təmsil edən ali təhsil müəssisələrinin fəaliyyətinin koordinasiyası, həmçinin digər ölkələrdən şəbəkəyə üzv olan ATM-lərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi kimi məsələlər müzakirə edilib.