10 noyabr 2020-ci il
Musiqi və rəssamlıqda satıranın “rəngləri”
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının növbəti onlayn seminarı
Cari ilin noyabr ayının 10-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədovanın “Musiqi və rəssamlıqda satiranın “rəngləri” adlı Zoom proqramı ilə onlayn seminarı keçirildi.
Könül Əhmədova Azərbaycanda kitab qrafikası sənətinin əsasını qoymuş müasir Azərbaycan satirik qrafikasının və teatr dekorasiyası janrlarının banisi Əzim Əzimzadənin 140 illik münasibətilə karikatura janrına ekskurs etdi. Karikatura janrının tarixi inkişafı yolu haqda, Azərbaycanda XVI-XVII əsrlərdə yaşayıb yaratmış sənətkarların yaradıcılığında satirik tərzdə yaranmış miniatürlərin həm adlarını, həm də rəsm əsərlərini təqdim etdi. Məhz bu miniatürlər sonralar Azərbaycanda karikatura janrının başlanğıcı kimi hesab edilir. Azərbaycanda karikaturanın əsası müstəqil janr kimi formalaşması XX əsrin əvvəllərində “Molla Nəsrəddin” həftəlik satirik-yumaristik jurnalının yaranması ilə qoyuldu. Bununla yanaşı jurnalın yaranması və jurnalda fəaliyyət göstərən ziyalıların adları da məruzəçi tərəfindən qeyd edildi. Xüsusən də jurnalın rəssamı Ə.Əzimzadə teatr-dekorasiya sənəti sahəsində böyük işlər görmüşdür. O, Ü.Hacıbəyli, Z.Hacıbəyov - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Aşıq Qərib”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının bədii tərtibatını vermiş, geyim eskizlərini çəkmişdir. Azərbaycanda “Molla Nəsrəddin” jurnalının sevilməsi başqa bir sıra satirik formada jurnalların yaranmasına səbəb oldu. Amma “Molla Nəsrəddin” jurnalı kimi bu jurnalların fəaliyyəti o qədər də uzun çəkmədi.
Məruzəçi karikatura janrının ən yeni tarixinə qədər Azərbaycanda keçirilən karikatura müsabiqələrinin təsvirini təqdim edərək, bu müsabiqələrin yaradıcısı, müsabiqələrdə tədqiqi, təbliği haqda çox ətraflı məlumat verdi. Dövrü mətbuatda dərc olunan məqalələrdə müsabiqələr ilə bağlı materiallar da təqdim olundu.
Satiranın bir başa və ya dolayı yolla özündə ehtiva edən Azərbaycan bəstəkarlarından M.Quliyevin bas və fortepiano üçün “Triptix” əsərindən “Güzgüyə bax” kompozisiyası haqda çox dərin, maraqlı və dolğun məruzə ilə çıxış etdi. Onu da qeyd etmək lazımdır ki, əsər Könül Əhmədova tərəfindən M.F.Axundov Milli kitabxananın arxivindən əldə olunub, laboratoriya əməkdaşlarına ilk dəfə təqdim olundu. Bəstəkarın musiqi dilinin bütün janr, forma, harmoniya xüsusiyyətləri peşəkar musiqişünas tərəfindən yüksək səviyyədə təhlil olunmuşdu. Məruzəçi tərəfindən musiqinin Sibelius proqramında yazılıb səsləndirilməsi də çox tədqirəlayiq idi.
Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, elmi işçi Nəsirova Fidan öz ürək sözlərini söylədilər. Suallar isə məruzəçi tərəfindən cavablandırıldı.
Nəsirova Fidan
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”
elmi-tədqiqat laboratoriyasının elmi işçisi