5-7 oktyabr 2020-ci il
Musiqinin nəfəsi mahiyyətcə simfonikdir...
Bu yaxınlarda Sankt-Peterburq Rusiya İncəsənət Tarixi İnstitutunda “Simfonizm məkanda və zamanda” adlı beynəlxalq konfrans keçirilib. Nüfuzlu musiqişünas-alimlərin iştirak etdiyi həmin elmi toplantında Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, müasir akademik musiqiyə dair tədqiqatların, o cümlədən “Simfoniyanın fəzası”, “Azərbaycan simfoniyası:1960-1980-ci illər (janrın əsas inkişaf təmayüllərinə dair) kitablarının müəllifi Zümrüd Dadaşzadə təmsil edib. Musiqişünas konfrans haqqında fikir və təəssüratlarını bizimlə bölüşüb.
Simfoniyanı haqlı olaraq janr-primo adlandırırlar.
Musiqinin sırf immanent imkanları hesabına önəmli fəlsəfi, həyati problemləri ümumiləşdirmək xassəsi ona janrlar sistemində müstəsna yer qazandırıb. 2020-ci il janrın inkişafında mühüm xidmətləri olan bir sıra bəstəkarların yubiley ilidir. İlk öncə dekabrda 250-illik yubileyi qeyd olunacaq Lüdviq van Bethoven kimi möhtəşəm simfonist xatırlanmalıdır. Eyni zamanda Şuman, Çaykovski, Malerin də yubileyləri 2020-ci ilə təsadüf edir.
Məhz bu yuvarlaq tarixlər öz çoxçeşidli fəaliyyəti və zəngin ənənələri ilə seçilən Sankt-Peterburq Rusiya İncəsənət Tarixi İnstitutunu “Simfonizm məkanda və zamanda” adlı beynəlxalq konfrans keçirməyə sövq etmişdir.
Konfransda B.Asafyev tərəfindən tərifi verilmiş “simfonizm” termini, onun təkamülü və transformasiyası, və ən əsası – XXI əsrdə janrın nə kimi statusa malik olduğu müzakirə edildi. Nə üçün bu janr çağdaş dönəmdə liderliyini itirdi? Nə səbəbdən XXI əsrin aparıcı bəstəkarları simfoniyadan bir növ sərf-nəzər edir? Bu suallar konfransın əsas leytmotivi oldu.
Pandemiya şəraitində konfransa yetişə bilməyən tədqiqatçılara zoom vasitəsilə forumun işinə qatılmaq şəraiti yaradılmışdır.
Üç gün ərzində keçən elmi toplantının qonaqları arasında Rusiyanın müxtəlif musiqi təhsil və elm ocaqlarının – Moskva və Sankt-Peterburqdan tutmuş Saratov və Petrozavodska qədər - aparıcı mütəxəssislərinin, habelə ABŞ, Almaniya musiqişünaslarının adlarını görmək olardı.
A.Klimovitski, Y.Çiqareva, K.Zenkin, L.Gerver, M.Rıtsareva, N.Braginskaya, L.Kovnatskaya, L.Braun, T.Naumenko, Y.Vlasova və digər tanınmış alimlər (iştirakçıların ümumi sayı 30-u adlayırdı) konfransda öz son elmi axtarışlarının nəticələrini həmkarları ilə bölüşdülər.
Mövzuların spektri olduqca geniş və rəngarəng idi. Bethoven, Şuman, Skryabin, Qlazunov, Stravinski, Britten, Prokofyev, Şostakoviç, Şnitke və başqa bəstəkarların yaradıcılığı timsalında simfonizm ideyasının çoxsimalılığı sərgiləndi. Simfoniyanın başqa, məsələn, konsert və süita kimi instrumental janrlar sistemində rolundan bəhs olundu. Totalitarizm ideologiyası kontekstində simfoniya janrına həvalə olunan vəzifələr də nəzərdən keçirildi. Teatr və simfoniya arasında əlaqələr haqqında mövcud qənaətlər, məsələn, Çaykovskinin “Qaratoxmaq qadın” operasının ayrı-ayrı səhnələrinin təhlili əsasında nümayiş olundu: həmin əlaqələr təsdiqləndi və bəzi məqamlarda təkzib olundu.
Mən konfransda “Simfonizm və muğam: paralellərin kəsişməsi (1970-2000-ci illər Azərbaycan simfoniyası timsalında)” adlı məruzə ilə çıxış edərək, Azərbaycan simfonik musiqisinin bəzi səciyyəvi təmayüllərinə diqqəti cəlb etməyə çalışdım. XX əsr bəstəkarlarımızın instrumental musiqisinin ali forması sayılan simfoniya janrında qazandığı nailiyyətlər bəllidir. Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, F.Əmirov, Niyazi kimi sənətkarların əsərləri simfonik musiqi mədəniyyətində layiqli yer tutur. Lakin, təəssüf, simfoniya haqqında fundamental tədqiqatlarda bəstəkarlarımızın adlarına, demək olar ki, rast gəlmirik. Məsələn, Mark Aranovskinin zamanında böyük rezonans doğuran “Simfonik axtarışlar” (1979) kitabında cəmi iki əsər – Q.Qarayevin və A.Əlizadənin simfoniyaları nəzərdən keçirilir. Halbuki Azərbaycan bəstəkarları bu janra həmişə xüsusi diqqət yetirmiş və onun özgün təfsirini verməyə müvəffəq olmuşlar. Öz məruzəmdə mən məhz həmin özgünlüyü təmin edən başlıca amil – milli ənənəvi musiqinin rolunu qabartmağa çalışdım. Zənnimcə, XX əsrdə Şərq və Qərb təfəkkür tipinin iki ali təzahür forması – muğam və simfonizmin “görüşü” əlamətdar bir hadisədir. Həmin “görüş”ün nəticələrini mən Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova kimi üslubca tam fərqli bəstəkarların əsərləri timsalında nümayiş etdirdim. Xüsusi olaraq vurğuladım ki, müasir musiqinin təklif etdiyi texnika və kompozisiya metodları Azərbaycan musiqisinin köklü xüsusiyyətlərini daha dolğun təcəssüm etdirmək üçün geniş imkanlar açır. Sonda Alfred Şnitkenin “janrlar sisteminin destabilizasiyası vəziyyətində simfoniyanın yaşaması üçün yeganə şans onun formasının gözlənilməzliyi və təkrarsızlığıdır” fikrini sitat gətirərək, nəzərə çatdırdım ki, muğam və simfonizmin çarpazlaşması yolunda da yeni bədii kəşflər mümkündür.
Mənim üçün çox xoş oldu ki, məruzəmi dinləyən bir sıra alimlər Azərbaycan bəstəkarlarının simfoniyaları ilə daha yaxından tanış olmaq istəklərini ifadə etdi. Bu, mənim əsas məqsədim idi.
Konfransın hər bir iş gününün sonunda musiqini yaradanlar – bəstəkarların özü ilə görüşmək imkanı çox önəmli oldu. Məsələn, beynəlxalq festivalların mütəmadi iştirakçısı - tanınmış və müvəffəq bəstəkar Vladimir Rannev çağdaş dövrdə bəstəkarın qarşılaşdığı problemlər haqqında söz açdı, təhsildə mövcud qüsurlara toxundu, “Bəstəkar musiqisinin sonu” (Vladimir Martınovun nəzəriyyəsidir) haqqında fərziyyələrin əsassızlığını inandırıcı isbat etdi. Görkəmli bəstəkar Aleksandr Knayfelin çıxışı toplantıya xüsusi rəng qatdı. Onun monoloqu simfoniya şərəfinə təntənəli bir oda kimi səsləndi. Knayfel, simfoniyanı insanlara bəxş olunan möcüzə adlandırıb, “musiqinin nəfəsinin mahiyyətcə simfonik olduğunu” vurğuladı. Mənim Bakıdan olduğumu eşidən peterburqlu bəstəkar sənət dostları Fərəc Qarayev və Firəngiz Əlizadəyə salamlarını çatdırmağımı xahiş etdi.
Mən konfransın təşkilat komitəsinin üzvləri – Rusiya İncəsənət Tarixi İnstitutunun musiqi sektoru müdiri Anna Porfiryeva və həmin şöbənin elmi katibi Georgi Kovalevskinin zəhmətini xüsusən qeyd etmək istərdim. Onlar dəyərli məruzələr də təqdim etdilər, bütün iclasların moderatoru rolunu da mahiranə icra etdilər.
Konfrans Azərbaycanın öz torpaqlarının azad olunması uğrunda apardığı haqq savaşı günlərində baş tutdu. İnanın, belə bir gərgin və dramatik zamanda sənət, musiqi haqqında danışmaq o qədər də asan deyildi. “Silahlar atəş açanda sənət susmalıdır” ifadəsi hamıya bəllidir. Lakin məmnunam ki, Azərbaycanın səsi də bu toplantıda səsləndi. A.Məlikovun Səkkizinci “Əbədiyyət” simfoniyasının konsepsiyası mənə çağdaş tariximizin kolliziyaları haqda danışmaq imkanı verdi. F. Qarayevin “Xütbə, muğam və surə” kompozisiyasının finalında Qurandan 75-ci “əl-Qiyamə” surəsinin səsləndirilməsinin (tape) nə kimi məna daşıdığına da nəzər-diqqətə çatdırdım: “Hər bir kəsi Qiyamət günü gözləyir. Həmin gün Allah Təalanın məhkəməsi qarşısında cavab verməli olacağıq. Mənəviyyata, haqqa çağırış eşidilməzsə, faciə labüddür”. Məncə, vicdanlı bəstəkarın bu fikri zülm, qəddarlıq, ədalətsizlik içində boğulan dünyamızda çox aktualdır.
Bütün çıxışlar maraqlı müzakirələrə, konstruktiv fikir mübadiləsinə səbəb oldu. Məruzəçilərdən birinin 30 ildən artıq davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə musiqişünaslıqda müşahidə edilən müəyyən prosesləri uğursuz və məsuliyyətsiz tərzdə uyğunlaşdırmaq cəhdinə mən elə diskussiya zamanı öz etirazımı bildirməli oldum. Bir də dərk etdim ki, beynəlxalq toplantılarda iştirakımız olduqca önəmli olub, müəyyən təxribatların qarşısını almağa imkan verir.
Konfransdan sonra A.Porfiryevadan aldığım məktubda o, mənə müzakirələrdə “ehtiraslı” iştirakıma görə minnətdarlığını bildirib yazırdı: “Sevimli sənətimizə münasibətiniz bizim kiçik elmi “icmamızda” gözəl bir ovqat yaratdı”. Eyni zamanda alim, dahi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə İkinci Dünya müharibəsi dönəmində blokadalı Leninqradda baş tutmuş konfrans haqqında xatırlatmama dönərək “ bu, heç də təəccüblü deyil. Məhz böyük poeziya insana ən ağır məqamda dəstək olur”, - deyə qeyd edirdi. Bu fikrə şərik olaraq əlavə edərdim: təkcə poeziya yox, böyük incəsənət də, böyük musiqi də.
Vaxtilə M.Baxtin roman janrını “daim axtarışda olan, daim özü özünü tədqiq edən, öz təşəkkül tapmış formalarını yenidən quran janr” adlandırmışdır. Bu sözləri simfoniyaya da şamil etmək olar. Odur, bütün bədbin proqnozlara rəğmən simfoniya dünya sənətinin yeni nailiyyətlərinin, ideyalarının təsiri altında daim dəyişir, zənginləşir, amma öz bədii vəzifələrini icra etməkdə davam edir. Konfransda təqdim olunan məruzələr, səsləndirilən əsərlər bu fikri inandırıcı şəkildə isbat etdi.