• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2020-ci il 

    Tanınmış vokalçı haqqında kitab

     

    Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələrin qalibi və laureatı İlham Nəzərov müasir vokal ifaçılıq məktəbimizin parlaq nümayəndəsidir. 

    O, Azərbaycan vokal ifaçılığı tarixinə ilk kontratenor səs tembrinə malik ifaçı kimi daxil olub. Müğənninin kontratenor səsi ilə ifaçılığı, müxtəlif səs tembrlərindən yararlanması, geniş vokal ifaçılıq imkanları onun yaradıcılığını musiqi mədəniyyətimizdə əhəmiyyətli edən səbəblərdəndir. 

    İfaçı bütün qəlbi ilə musiqiyə bağlı olan bir şəxsiyyətdir. Bu bağlılıq onun həyatının qayəsinə, yaşam amalının mahiyyətinə çevrilib. “Yaradıramsa, yaşayıram!” - bu sözlər ruhu və ürəyi yalnız musiqi ilə döyünən yaradıcı şəxsiyyətin simasını tam dolğunluğu ilə əks etdirir. 

    Bu günlərdə 35 yaşını qeyd edən ifaçı haqqında “İlham Nəzərov: sərhədsiz səs...” adlı kitab işıq üzü görüb. Kitabın tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi redaktoru BMA-nın Musiqi tarixi kafedrasının müdiri, professor Könül Nəsirovadır. 

    İ.Nəzərovun 20 illik peşəkar səhnə fəaliyyətinə (2000-2020) həsr olunmuş kitab onun bu illərdə  əldə etdiyi yaradıcılıq uğurlarını əhatə edir. Burada ifaçının uşaqlıq illəri, səhnəyə gəlişi, yaradıcılığında mühüm əhəmiyyət kəsb edən məqamlar, səsinin xüsusiyyətləri, eləcə də pedaqoji fəaliyyətindən ətraflı bəhs olunur. 

    Görkəmli musiqiçilərin – SSRİ Xalq artisti F.Bədəlbəyli, Xalq artistləri F.Əlizadə, X.Qasımova, Y.Adıgözəlov, Rusiyanın Xalq artisti D.Bertman, avropalı tanınmış musiqiçilərdən V.de Vivo, A.Simonişvili, R.Kabaivanskaya və digərlərinin İ.Nəzərov haqqında fikirlərinə də kitabda yer verilib. Həmçinin kitabda sənətkarın kontratenor və bariton kimi repertuarı, onun elmi fəaliyyəti əsaslı surətdə təqdim olunub.