6 avqust 2020-ci il
Dəyərlərimizi unutmayaq... Unutmayaq ki, daha da zənginləşək...
Bu gün Azərbaycanı dünyada təmsil edən gözəl səsə malik istedadlı vokalçı, bəstəkar, xaricdə təhsil almış musiqiçi, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sadırxanovun doğum günüdür. O, İtaliya Vokal Akademiyasının məzunu, Benyamin Cilo adına festivalın Qran-Prisinin qalibi, Azərbaycanda “Səyyah Sindibad” adlı ilk rok-operasının müəllifidir. 2018-ci il 27 oktyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycanın ilk və hazırda tək rok-operasının premyerası gerçəkləşmişdir. Əsər yüksək səviyyədə səhnəyə qoyulmuş və uğur qazanmışdur. Rizvan Sadırxanovun "Səyyah Sindbad"ı bu günümüzə 40 illik uzun bir yolu aşaraq gəlib. Bəstəkar bu əsərini yaratmaq həvəsinə düşəndə hələ 1978-ci il idi. Belə ki, nağılların, rəvayətlərin dünyasındakı əsrarəngiz Sindbad niyyətlərinə sınaqlarla, müqavimətlərlə, sərgüzəştlərlə dolu məsafələri adlayaraq yetişən kimi, bu rok-opera da uzun yollarla, sınaqlarla, mübarizələrlə, maneçiliklərlə aşıb-daşan məşəqqətli yolu qət edərək günümüzə çatdı.
Bəstəkar mahnı janrına xüsusi maraq göstərir və bu sahədə çox sayda əsərlər yaratmışdır. Ümümilikdə, o, 1286 mahnı və instrumental əsərlər müəllifidir. Bu karantin günrərində isə daha 123 mahnı və kompozisiya bəstələyib. Yaradıcılığında Məhsəti Gəncəvi, Nəsimi, Nazim Hikmət və digər görkəmli şairlərin sözlərinə müraciət etmişdir. Mahnılarının melodiyaları əsasən lirik, sakit, axıcı və həzindir.
Bundan başqa, Rizvan Sadırxanov Bakıda Franko Korello adına “Belkanto” studiyasının yaradıcısıdır.
Rizvan Sultan oğlu Sadırxanov əslən qədim mədəniyyət ocağımız Şuşadandır. Gözəl məlahətli səs ata-baba yurdunun ona bəxş etdiyi dəyərli nemətdir. O, 1949-cu ildə neftçi ailəsində dünyaya göz açdı. Artıq uşaqlıqdan Rizvanın gələcək sənəti seçilmişdi – atasının yolu ilə getməli, yəni neftçi olmalı idi. Orta məktəbi qurtardı və Neft-Kimya İnstitutuna – indiki Neft Akademiyasına daxil oldu. Beləlikə, dağ mühəndisi ixtisasını qazandı. Lakin buna baxmayaraq, hər zaman musiqi ilə yaşayırdı, musiqiçi olmaq arzusunda idi. Rəşid Behbudovun mahnılarına sevə-sevə qulaq asırdı.
İnstitutda oxuyarkən Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olur və nəhayət ki, illərdir arzuladığı və çox sevdiyi musiqi sənətinə yiyələnir. Oxuduğu illərdə o, seçilən tələbələr sırasında olur. Belə ki, AZİ-ni fərqlənmə ilə bitirib dağ mühəndisi ixtisasına yiyələnəndə artıq Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbinin də diplomu cibində idi. Başlayır neft mədənlərində işləməyə və uğurlara əl atır. “Bahar” dəniz neft yatağında üzən qazma qurğusunun rəisi təyin edilir. Daha sonra isə boruların istismarı üzrə elmi-tədqiqat institutunda çalışır.
Lakin tamam fərqli bir sahədə çalışsa da, musiqiyə olan dərin duyğuları qəlbində tükənmir, daim onunla yaşayır. R.Sadırxanov qeyd edir: “Mənim üçün birinci yerdə musiqi dayanır. Musiqi mənim varlığımı məna ilə doldurur. Məni əhatə edən dünya – elə musiqidir”.
Rizvan Sadırxanov xaricdə, xüsusən Rusiyada kifayət qədər məşhurdur. Sözləri Andrey Dementyevin, musiqisi isə Sadırxanovun olan mahnılar sovet müğənnilərin ifasında səslənib, onun melodiyaları ən nüfuzlu Rusiya səhnələrindən səslənir, hazırda da yeni filmlər və tamaşalar üçün ona musiqi sifariş edirlər.
O, yorulmadan, usanmadan deyir: “Nə qədər ki səsim var, oxuyacam və müxtəlif üslublarda mahnılar bəstələyəcəyəm”.
Rizvan müəllim, Sizi təbrik edirik, can sağlığı və səsinizə qüvvət diləyirik. İnanırıq ki, gün gələcək, Sizin seçmə əsərlərindən ibarət konsertlər Bakıda, Moskvada və dünyanın bir çox ölkəsinin böyük konsert salonlarında, yüksək səhnələrində keçiriləcək.
DƏYƏRLƏRİMİZİ UNUTMAYAQ...
Aytən İbrahimova