• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 iyul 2020-ci il

    Şəhid pilotumuz Rəşad Atakişiyevin ölümünün ildönümünə həsr olunan musiqi kompozisiyası hazırlanıb və onu sizlərlə paylaşmaq istəyirik.


    Bu qəhramanımızın taleyinə biganə qalmayıb biz də yaradıcı düşüncəmizlə onun ruhunu yad edərək ona ithaf etdik. Söz və musiqisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Oqtay qızı İbrahimovaya məxsus bu kompozisiya opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyevanın ifasında səsləndi. Fidan xanım musiqini canlandırdı və yaşatdi.
    Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24 iyul 2019-cu il tarixində, saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayıb. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində Rəşad Atakişiyev itkin düşüb. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub və avqustun 19-da Azərbaycan Müdafiə Nazirliyi təyyarənin qara qutusunun tapıldığı barədə məlumat yayıb. Pilotun nəşi 20 avqust tarixində tapılıb. 21 avqust tarixində isə Rəşad Atakişiyev ikinci Fəxri xiyabanda dəfn olunub.
    Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olub. Ailənin yeganə övladı olan Rəşad orta məktəbi Samux rayonunun Alabaşlı kəndində bitirib.
    Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Atakişiyev Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
    O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə xüsusilə yadda qalıb.
    Qeyd edək ki, polkovnik-leytenant Rəşad Atakişiyev, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Mərhumun iki azyaşlı oğul övladı yadigar qalıb.
    Vurğulayaq ki, Pilotun həyat yoldaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Fortepiano kafedrasında işləyir, böyük oğlu Turqut Atakişiyev isə BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında təhsil alır.
    Rəşad Atakişiyevin və onun simasında bütün qəhraman-şəhidlərimiz ruhu şad olsun. Allah rahmət eləsin! Amin! ​ Nə qədər sarsılsaq da, onlarla qürur duyuruq. Vətənimiz Azərbaycanda qeyrətli oğullarımız var olsun! ​   Mərhum pilotun  ailəsi və əzizlərinə böyük hüznlə Bakı Musiqi Akademiyasının rektoru və bütün kollektivi adından başsağlığı diləyirik. Bu kompozisiyanin hazırlanmasında əməyi keçən bütün insanlara başda Fidan Hacıyeva və mədəniyyət kanalının rəhbəri Ramil Qasımova təşəkkür edirəm.         
     https://news24.az/medeniyyet/45924

    Hörmətlə 
    Aytən İbrahimova
    Məktəb-studiyanın aparıcı elmi işçisi.
    musiqişünas