11 iyun 2020-ci il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə və psixologiyasına təsiri” adlı növbəti online seminar keçirilmişdir.
Seminarı laboratoriyanın kiçik elmi işçisi Sevda İsayeva aparmışdır. Məruzəçi əvvəlcə musiqi ilə beyin arasındakı əlaqədən danışmış və bildirmişdir ki, musiqi beyinə birbaşa təsir gostərən səs dalqalarından ibarət olub orqanizmin fizioloji və psixoloji durumuna təsir edir.
Səs – eyni zamanda, vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunmuşdur.
Muxtəlif üslublu mahnılar insanların emosional və hətta fiziki saqlamlığına müxtəlif cür təsir göstərə bilər. Musiqinin tək üslubu deyil, onun ritm və tonallığı hansı musiqi alətində ifa olunmasi da mühüm şərtdir. Son illər həm muğamla və həm də klassik dünya musiqisi ilə yaddaş pozğunluqlarının bərpa edilməsində, həmçinin yuxusuzluqdan əziyyət cəkən insanlarin mualicəsində də geniş istifadə olunur.
Azərbaycanda isə 20- ci əsrin ortalarında görkəmli alim, professor İ.Topcubaşov musiqi terapiyası adlı tibbi mualicənin əsasını qoymuşdur.
Seminarda video roliklər gostərilmiş, simfonik əsərlər, o cümlədən Xalq artisti, Professor Ramiz Quliyevin, Xalq artisti, Professor Şəfiqə Eyvazovanın, Xalq artisti Zümrüd Məmmədovanın Əməkdar İncəsənət xadimi, Professor Arif Əsədullayevin, ifalarında musiqi parçaları səsləndirilmişdir. Bundan başqa V.A.Mosartın və L.V. Bethovenin əsərləri dinlənilmişdir.
Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə və laboratoriyanın bir sıra əməkdaşları məruzəçiyə öz dəyərli tövsiyələrini vermişlər.
Elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi
Zeynal İsayev