12 may 2020-ci il
"Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində" Ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətləri Ü.Hacıbəyli adına BMA-da tədqiq və tədris olunur.
Bu yöndə həyata keçirilən tədbirlərin davamı kimi “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası tərəfindən mayın 12-də növbəti onlayn seminar keçirilmişdir.
Seminarda aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin “Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində” məruzəsi dinlənildi. Məruzəçi BMA-nın qarşıdan gələn 100-illik yubileyi ərəfəsində yeni arxiv sənədləri, əyani materaillar və slaydlar təqdim etdi. 1970-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (BMA-nın) 50-illik yubileyi haqqında qərarın verilməsi, yubileyin mühüm təhsil və mədəniyyət hadisəsinə çevrilməsi, geniş tədbirlərin planı, ali məktəbin o dövrdə ümumittifaq səviyyəli ordenlə təltifi, professor-müəllim heyətinə fəxri adların verilməsi, konfrans və konsertlər, nəşrlər, Ü.Hacıbəyinin ev-muzeyinin yaradılması, sənət xadimlərinin yubileylərinin təşkili, respublikanın musiqi əlaqələrinin genişlənməsi, BMA-nın yaradıcılıq və təcrübə mübadiləsinin fəallaşması, Opera studiyasının inşası, müstəqillik dövründə isə istedadlı gənclərə dövlət dəstəyinin artırılması, Heydər Əliyevin BMA-da gənc laureatlarla görüşməsi və digər bu kimi faktlar Ulu Öndərin musiqi mədəniyyətimizə diqqət və qayğısı kimi qiymətləndirildi.
Seminarın yekununda elmi və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın prorektoru, Xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayızadə, dissertasiya şurasının elmi katibi, dosent Həbibə Məmmədova və başqaları mövzu ətrafında fikirlərini bölüşdülər.
Nuridə İSMAYILZADƏ,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent