9 may 2020-ci il
Böyük Vətən Müharibəsinin 75 illiyi
Bu gün 1941-1945-ci il Böyük Vətən müharibəsinin 75 illiyi qeyd olunur. 1941-ci il iyun ayının 22-də faşist Almaniyası Sovetlər İttifaqına hücum etdi. Beləliklə də, Sovet xalqının Böyük Vətən müharibəsi –alman faşizminə qarşı ümumxalq müharibəyə başladı. Bütün postsovetlər məkanında yaşayan xalqlar ayağa qalxaraq bu müharibədə fəallıqla iştirak edərək öz canlarını, ata-analarını, ailələrini, övladlarını Vətən uğrunda qurban verərək şəhid olmuş, tarixə silinməz adlarla düşərək həkk olunmuşlar.
Qəhrəmanlar daim yaşayır, yaşayacaqlaq!
Müharibə illəri Azərbaycan xalqının xoşbəxt həyatını, əmin-amanlığını pozmuş, ata, babalarımız, övladlarımız müharibədə fədakarcasına düşmənlə üz-üzə vuruşmuş və qalib gəlmişlər. Hələ Böyük Vətən müharibəsi illərində incəsənətimiz qarşısında faşist işğalçıları ilə mübarizəni təcəssüm etdirmək, insanları düşündürən və narahat edən problemlər kimi böyük məsuliyyətli işlər dururdu. Hal–hazırda da dövlətimiz müharibə şəraitində yaşayır. Neçə-neçə insanlar vətənimiz uğrunda şəhid olmuşlar. Bəstəkarlarımız tərəfindən milli qəhrəmanlarımıza ithaf olunan neçə-neçə əsərlər - vətənpərvərlik mövzusunda yazılmış simfoniyalar, operalar, simfonik poemalar, fortepiano əsərləri, pyeslər, romanslar, kütləvi janrda yazılmış mahnılar müxtəlif dekadalarda, Beynəlxalq müsabiqələrdə, Konfranslarda, konsert salonlarında ifa olunmuş və diplomlara layiq görülmüşlər. Belə ki, Ü.Hacıbəylinin, Ə.Bədəlbəylinin, S.Rüstəmovun, Ə.Abbasovun, C.Cahangirovun, Q.Qarayevin, C.Hacıyevin, T.Quliyevin, A.Məlikovun, A.Əlizadənin, R.Mustafayevin, S.Ələsgərovun, V.Adıgözəlovun və b. adlarını çəkmək yerinə düşərdi.
Bu minvalla da aprel ayının 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan etdi. Bu müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant, bəstəkar İlahə İsrafilovanın “Qələbə 75” marşı təqdim olunaraq qalib adını qazandı. Marşın sözləri Abil İslama aiddir. Mahnıda deyildiyi kimi, şəhidlərimizin qəhrəmanlığı, şücaətliliyi, mübarizə əzmi, dinliəyicilərə çatdırılır. 42 qəhrəman, 600 min can düşmənin yurdumuzda tökdükləri qan, minlərlə oğul, qızlarımız canı bahasına gedərək Vətən uğrunda şəhidlik zirvəsinədək ucaldılar. Birinci qəhrəman olan İsrafilin, Həzinin, Ziyanın, Mehdi Gərayın adlarının sadalanması “Qələbə 75” vətənpərvərlik, doğma vətənləri uğrunda canlarını vermiş qəhrəmanlarımz üçün yazılmış marş-mahnıdır.
İgidlər məskənisən Azərbaycan,
Yaşasın qələbən, can Azərbaycan,
Azərbaycan, Azərbaycan!
Nəsirova Fidan
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”
elmi-tədqiqat laboratoriyasının elmi işçisi