28 aprel 2020-ci il
Görkəmli musiqişünas-alim M.S.İsmayılovun elmi və pedaqoji fəalyyətinə həsr olunmuş elmi seminar
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası öz iş qrafikinə uyğun olaraq onlayn rejimdə iclas və seminarlarını davam etdirir. Son iclasda yeni elmi seminarların Bakı Musiqi Akademiyasının qarşıdan gələn 100 illik yubileyinə həsr olunması qərara alınmışdır. Bu silsilədən olan daha bir elmi seminar aprelin 28-də keçirilmişdir.
Seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyəti" mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor M.S.İsmayılovun elmi və pedaqoji fəaliyyəti Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" (hazırda "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar") kafedrasının fəaliyyəti və onun elmi-tədris nailiyyətləri ilə sıx bağlı olmuşdur. Alim-pedaqoq uzun illər bu kafedraya rəhbərlik etmişdir.
A.Abduləliyev M.S.İsmayılovun elmi yaradıcılığına üç istiqamətdə yanaşmışdır:
- Ənənəvi musiqiyə dair janr nəzəriyyəsi, onun tədqiqi və tədrisi;
- Azərbaycan milli məqam nəzəriyyəsinə dair yeni tədqiqatar, məqam nəzəriyyəsinin inkişaf etdirilməsi, məqamların tədrisinə yeni metodikanın daxil olunması;
- Musiqi folklorşünaslığı.
Seminarda bu sahələrin hər biri üzərində dayanılmış, görkəmli alimin məqalələri, monoqrafiyaları, dərs vəsaiti, 1930-40-cı illərdə topladığı folklor materiallarının əlyazmaları haqqında əyani məlumatlar verilmişdir. Məruzəçi prof. M.S.İsmayılovun istər ənənəvi musiqinin janrlarının öyrənilməsi, istər milli məqam nəzəriyyəsinin inkişafı və tədrisi istiqamətində elmi-nəzəri, elmi-metodik yeniliklərini göstərmiş, alim-pedaqoqun musiqişünaslığın və etnomusiqişünaslığın inkişafında rolundan və əhəmiyyətindən bəhs etmişdir.
Seminarda BMA-nın elmi- tədqiqat laboratoriyasının əməkdaşları, elm və yaradıcılıq işləri üzrə prorektor,professor Gülnaz Abdullazadə iştirak edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
İlahə İSRAFİLOVA,
Ü.Hacıbəyli adına BMA-nın doktorantı, bəstəkar