18 fevral 2020-ci il
Fevralın 18-də Azərbaycanın görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun (1935-2006) yaşadığı binanın divarında barelyefinin açılışı olub.
Açılış mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə Xalq artisti, bəstəkar-müğənni, ictimai xadim Polad Bülbüloğlu, akademik Rafael Hüseynov, Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar və istefada olan polis general-mayoru Kamil Məmmədov çıxış edərək Vasif Adıgözəlovla bağlı xatirələrini bölüşüb, bəstəkarın keçdiyi sənət yolundan bəhs ediblər.
Diqqətə çatdırılıb ki, bəstəkarın yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın (“Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara” və s.), həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala 1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, simfonik poemaların, kamera-instrumental əsərlərinin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və filmlərə yazılmış musiqilərin müəllifidir.
Onun yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala 1915” oratoriyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında daim səslənir. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Ana” kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür. Vasif Adıgözəlov ictimai fəaliyyəti ilə də tanınıb, Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.
Sonda bəstəkarın oğlu, Xalq artisti, dirijor Yalçın Adıgözəlov çıxış edərək atasının yaradıcılığına göstərilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Vurğulayıb ki, bəstəkarın 80 illiyi dövlətimizin başçısının müvafiq sərəncamı ilə qeyd olunub. Bu, Vasif Adıgözəlovun sənətinə verilən yüksək qiymətin təcəssümüdür
Barelyefin müəllifi heykəltəraş Aslan Rüstəmovdur.