10-13 fevral 2020-ci il
Bakı Musiqi Akademiyasının tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən tədbirdə iştrak edib.
Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbənin qatıldığı “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbi başa çatıb. Həmin tədbirdə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının dörd tələbəsi – Bəylərova Firuzə,İmanova Günel, Babayev Kənan və Talıblı Kamran iştirak ediblər.
Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən könüllülüyün təbliğinə töhfə vermək məqsədilə təşkil olunan tədbir fevralın 10-dan 13-dək davam edib.
Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilib. Müzakirələr zamanı tələbələr könüllülüyün məqsəd və prinsipləri, ölkəmizdə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər və könüllülüyün inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Qış Liderlik Məktəbinin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.