• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 yanvar 2020-ci il

    Musiqi Alətlərinin Rəqəmli İnterfeysi (MİDİ- Musical İnstrument Digital İnterfase) mövzusuna həsr olunmuş elmi seminar

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasının nəzdində yerləşən “Səs udma” kamerasında növbəti elmi seminar böyük elmi işçi Zeynal İsayev tərəfindən keçirilmişdir. Seminarda Z. İsayevin "MİDİ-interfeysin əsasları” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, MİDİ-nin protokolu meydana gəldiyi gündən dünya musiqisində yeni bir səhifə açılmış, musiqi yaradıcılığında və ifaçılıqda dönüş yaranmış, səs yazma və səsləndirmə, habelə musiqinin olduqca az itkilərlə ən uzaq məsafələrə ötürülməsinin forması dəyişilmişdir.
    Keçən əsrin 80-cı illərinin əvvəllərində universal interfeysin yaranmasının aktuallığı, elektron musiqi texnikasının bir çox aparıcı istehsalçıları tərəfindən dərk olunmağa başlanmışdır. Elektron musiqi texnikası haqqında dünya musiqi tarixində bir sıra elmi tədqiqatlar aparılmışdır. Azərbaycanda isə ilk dəfə elektron musiqiqinin elmi əsaslarını izah edən, musiqi akustikası ilə məşğul olan Z.İsayev, hal-hazırda elmi fəaliyyət göstərdiyi Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasında Azərbaycan musiqi tarixində ilk dəfə olaraq milli musiqi alətlərimizin spektral analizini keçirdərək, amplitud tezlik parametrlərinin ölçülməsi ilə məşğul olmuş və elmi araşdırmaları haqqında maraqlı məlumatlarla bölüşmüşdür.
    Məruzəçi bildirmişdirki, bu cür elmi araşdırmaların aparılması milli alətlərimizin dünya musiqi səviyyəsinə çıxışını təmin edəcək və eyni zamanda gələcəkdə bədnam düşmənlərimizin milli ənənəvi çalğı alətlərimizin öz adlarına çıxartmalarının qarşısını alacaqdır.
    Seminarda rəqəmsal qurğuların işi haqqında, MİDİ-gondərişlər, MİDİ-hadisələr, komandalar və kontrollerlər haqqında məlumatlar verilmişdir. Nəzəri hissənin ardınca praktiki işlər aparılmış, ROLAND AX-7 MİDİ – kontrolleri vasitəsilə müsiqinin CUBASE səs redaktorunun sekvensoruna yazılması və orada da emalının müasir üsulları haqqında məlumatlar verilmişdir.
    Mövzu ilə əlaqədar, laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə çıxış edərək bildirmişdir ki, əldə olunan elmi nailiyyətlər mütləq olaraq tədrisdə istifadə olunmalıdır. Xüsusilə də, elmi laboratoriya olaraq bəstəkarlıq kafedrası ilə sıx əməkdaşlığımızın vacibliyini vurğulayan N.İsmayıl-zadə, Z.İsayevin elmi araşdırmalarını dəstəkləyərək onların daha geniş miqyasda tədbiqini tövsiyyə etdi. Daha sonra elmi əməkdaşlardan Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yalçın Abdulla, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənli, Azərbaycanın Xalq Artisti, professor Zümrüd Məmmədova, elmi işçi, bəstəkar İlahə İsrafilova, elmi işçi Ayxan Əfəndiyev və başqaları çıxış edərək mövzunun aktuallığını və gələcəkdə də bu mövzunun davam etməsinin məqsədə uyğunluğunu qeyd etmişlər.


    Laboratoriyanın kiçik elmi işçisi
    Sevda İsayeva