17 yanvar 2020-ci il
2020-ci il 17 yanvar tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “20 yanvar” hadisələrinin 30-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov çıxış edərək, “Qanlı yanvar” hadilərindən söz açdı və şəhidlərimizin xatirəsini hörmətlə andı.
Sonra dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber orchestra” - Gənclər Kamera Orkestrinin ifasında Qara Qarayevin “Matəm odası” əsəri səslənir.
Ardınca Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara söz verilir. Yazıçı 20 yanvar hadisələri zamanı günahsız, əli yalın insanlara göstərilən şiddətə qarşı xalqımızın necə şücaət, əzmkarlıq, qəhrəmanlıq göstərdiyini vurğuladı.
Daha sonra orqanda Nigar Məmmədova Aqşin Əlizadənin “Muğam sədaları” əsərini, solist Nicat Məsimov isə balabanda F.Əmirovun “Mən səni araram” əsərini ifa etdi. “Baku Chamber orchestra” da B.Brittenin “Sentimental sarabanda” əsərini səsləndirdi.
Tədbirdə BMA-nın Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva görkəmli bəstəkar Arif Məlikovun 20 yanvar hadisələrinə həsr olunmuş kitabından nümunələrlə çıxış etdilər.
Sonda tədbir orkestrin müşayiətilə Arslan Növrəslinin ifasında Vasif Adıgözəlovun “Qərənfil” əsəri ilə tamamalandı.