• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 yanvar 2020-ci il

     Qanla yazılan tarix


    QANLI 20 YANVAR – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsidir. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş elmi seminar keçirilmişdir. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanalogiya və Akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi N.Hüseynova milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin, xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixini bir daha, dərin ehtiram hissi ilə yada salaraq, qəhrəmanlıq səlnaməsini anaraq yad etdi. Seminarda çıxış edən elmi işçi N.Hüseynova Azərbaycan xalqının yaşadığı ağrılı gerçəklərdən danışaraq bu məqamların tarixi aspektlərini vurğuladı. Günahsız şəhidlərin və milli qəhrəmanlarımızın əziz xatirəsini yad edərək, xalqın yaddaşında ən ağrılı, qanlı tarix olaraq həkk olduğunu qeyd etdi. Ardından matəm mövzulu audiovizual çarxlar nümayiş olundu. Q.Qarayev “Matəm” odası, H.Xanməmmədov “Kamança konserti”, V.Adıgözəlov “Şuşam laylay” və s. əsərlər səsləndirildi.
    Sonda elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə, fəlsəfə doktoru, baş elmi işçi, dosent Y.Abdullayev, elmi işçi, Ə.Əliyev və başqaları N.Hüseynovanın qeyd etdiyi tarixi faktlara qoşularaq, o qanlı və eyni zamanda qürur dolu illərin canlı şahidləri kimi çıxış edərək, seminar haqqında fikirlərini, həmçinin 20 yanvarla bağlı acı xatirələrini seminar iştirakçıları ilə bölüşdülər.

     

    BMA-nın doktorantı, bəstəkar,
    elmi işçi İ.İsrafilova