• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2019-cu il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətləri. Orqonologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında Qazaxıstan Konservatoriyasının magistr pilləsində təhsil alan tələbələrlə görüş keçirildi.

    Bu görüş BMA-da müəllimlərin təkmilləşməsi şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynovanın təşəbbüsü sayəsində təşkil olundu. Görüş iki şöbənin əməkdaşlığı ilə birgə həyata keçdi. Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin rəhbərliyi ilə əməkdaşlarımızın ifasında tədbir baş tutdu. Tədbirin açılışını elan edən Nuridə xanım Konservatoriyanın yaranma tarixi, Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında özünəməxsus rolu və yeri haqda ətraflı çıxış etdi. Bununla yanaşı musiqi istedadlarının beşiyi sayılan Şuşa şəhəri, bu füsunkar torpağın xoş avazlı xanəndələrinin Zaqafqaziyadan kənarlarda da şöhrət qazanması haqda, Şuşa musiqiçilərinin öz vətənlərində deyil, həm də dünyanın başqa ölkələrində layiqincə təmsil etmələrini, indiki yaşadığımız dövrdə Qarabağ torpağının düşmən tapdağı altında olduqunu xüsusilə qeyd edərək Nuridə xanım tezliklə torpağımızın özümüzə qayıtmasını böyük şövqlə vurğuladı. Nuridə İsmayılzadə iki dost xalqın mədəni və ümumən Beynəlxalq əlaqələrini, Qazaxıstanda keçirilən elmi simpoziumların, elmi konfransların keçirilməsi haqda, bu elmi konfranslarda bizim elm xadimlərimizin uğurlu çıxışlarını qeyd etdi. Həmçinin bu simpoziumlarda çıxış edən xanəndələrimizin Qran Pri mükafatları ilə təltif olunmasını tələbələrə bildirdi. Bununla yanaşı laboratoriyanın yaranması və laboratoriyanın elmi əməkdaşlarını qonaqlara təqdim etdi.
    BMA-nın elmi-yaradıcılıq işləri üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə qonaqları salamlayıb, tələbələrə yaradıcılıq uğurları arzuladı. Sonra əməkdaşlarımız– Xalq artistləri, kamança ustadı Arif Əsədullayev və Zümrüd Məmmədovanın ifasında “Qubanın ağ alması” xalq mahnısı səsləndi. Laboratoriyanın elmi işçisi, bəstəkar, neçə-neçə müsabiqələrin qalibi, elmi konfransların laureatı İlahə İsrafilovanın ifasında “Bayatı-Kürd” muğamı və “Sarı gəlin” xalq mahnısı qonaqların böyük marağına səbəb oldu. Zümrüd Məmmədova Arif Əsədullayevin müşayiəti ilə “Qarabağ şikəstəsi” zərbi muğamını ifa edərək tədbiri tamamladı. Qazaxıstan tələbələri tədbirdən aldıqları böyük təəssüratları laboratoriyanın əməkdaşları ilə bölüşərək, tədbirin təşkilatçılarına, ifaçılara öz dərin təşəkkürlərini bildirdilər.