• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 oktyabr 2019-cu il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika“ elmi tədqiqat laboratoriyasında sevimli bəstəkarımız, daima qəlblərdə yaşayan, Azərbaycan Respublikasının Xalq artisti, “Şərəf Nişanı” ordenli, “Şöhrət “ ordenli, professor Süleyman Ələsgərovun 95 illik yubileyi ilə əlaqədar olaraq bəstəkarın yaradıcılığında səhnə əsərləri (“Özümüz bilərik” musiqili komediyası) mövzusunda, laboratoriyanın elmi işçisi Nazlı Mustafayevanın növbəti elmi seminarı keçirilmişdir.
    Məruzəçi qeyd etmişdir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olmuş, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət“ ordenli, professor Süleyman Ələsgərovun çoxşaxəli yaradıcılığı, milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutmuş , fərdi dəsti-xətti ilə seçilərək musiqi tariximizin əvəzsiz xəzinəsinə çevrilmişdir. S.Ələsgərov, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru (1949-1965), Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çalğı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru vəzifəsində fəaliyyəti haqqında N.Mustafayeva ətraflı məlumat vermişdir.
    Daha sonra isə məruzəçi bildirmişdir ki, bir bəstəkar kimi S.Ələsgərovun xarakterik xüsusiyyəti, onun yaradıcılıq fəallığında, daim yeniliyə səy göstərməsində və bəstəkarın yaradıcılığının rəngarəngliyindədir. Musiqi sənətinin ən müxtəlif janrlarına müraciət etmiş S. Ələsgərov musiqi-səhnə, simfonik, kamera-instrumental əsərlərin, kantataların, romansların, mahnıların və s. əsərlərin müəllifidir. Bəstəkarın özünəməxsus və eyni zamanda maraqlı, yaradıcı xüsusiyyətlərindən biri də, onun həm böyük simfonik orkestr üçün, həm də xalq çalğı alətləri orkestri üçün əsərlər yaratmasıdır.
    Bəstəkarın operetta və musiqili komediya janrında qələmə aldığı əsərlər isə onun yaradıcılığında mükəmməl və aparıcı bir yer tutur. Belə əsərlər sırasında , librettosu Şıxəli Qurbanova məxsus olan “Milyonçunun dilənçi oğlu” və “Özümüz bilərik” musiqili komediyalarını xüsusilə göstərmək olar. Daha sonra bu operettalar haqqında ətraflı məlumatlar verilmiş, həmin operettalardan musiqi nümunələri səsləndirilmişdir. Ümumiyyətlə isə məruzəçi S.Ələsgərovun musiqisinin sədalarının təsiri altında böyük bir dinləyici nəslinin musiqi-estetik zövqünün formalaşmasını xüsusilə vurğulamışdır.
    Seminarın sonunda mövzu ilə əlaqədar suallar verilmiş və elmi müzakirələr aparılmışdır. Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə çıxış etmişdir. N.İsmayıl-zadə seminarı dəyərləndirərək, məruzəçinin dəqiq və ətraflı araşdırma aparmasını, maraqlı faktlar əldə etməsini vurğulamışdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, Azərbaycan Respublikasının Xalq Artisti, dosent Zümrüd Məmmədova və digər əməkdaşlar mövzu ətrafında öz fikir və elmi mübadilələrini bildirmişlər.
     

    Elmi tədqiqat laboratoriyasının kiçik elmi işcisi
    Sevda İsayeva