• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 oktyabr 2019-cu il

    Tətbiqi musiqinin bəstəkar yaradıcılığında təzahürü.
    Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənələli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi.Orqanaloqiya və Akustika” laboratoriyasında, böyük elmi işçi, Bəstəkarlar İttifaqının Üzvü, bəstəkar Rüfət Ramazanov “Tətbiqi musiqinin bəstəkar yaradıcılığında təzahürü” adlı seminar keçirtmişdir. Bu seminarda tətbiqi musiqi janrının xarakterik xüsusiyyətləri aydınlaşdırılmışdır. Onun professional musiqinin digər jarnlari ilə əlaqələri araşdırılmış və o cümlədən də, bəstəkarın özünün kino və teatr tamaşaları üçün musiqi nümunələri əsasında paralellər apararaq, maraqlı fikir mübadiləsi nümayiş etdirmişdir.
    Bəstəkar nümayiş etdirdiyi musiqi nümunələrinin müşaiyəti altında həmin musiqinin səsləndiyi teatr tamaşaları və kinofilmlər haqqında geniş olaraq söz açmışdır. R.Ramazanov ilk öncə “Bakı hamamları” (rejissor Elşən Zeynallı) sənədli filmİ üçün bəstələdiyi musiqi parçaları haqqında danışmışdir. Xüsusəndə Rüfət Ramazanovun xalq rəssamı Cəmil Müfitzadə barəsində çəkilən “Vaxtın təsviri” filmindən (rejissor: Vəli Səyyadi; ssenari müəllifi:Qorxmaz Şıxəliyevdir) nümayiş etdirdiyi iki nömrə: “Rəssamın düşüncələri” və “İçərişəhər”, seminar iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Bu nömrələrdə rəssamın emalatxanasında, onun iş prosesi zamanı yaradıcı düşüncələri və “İçərişəhər” haqqında nostalji fikirləri, musiqidə təsvir edilmişdir. Maraq kəsb edən nömrələr arasında “Lirik rəqs” XIV-XV əsrlərin astanasının tarixi faktlarına əsaslanaraq rəmzi, düşünülmüş surətlər haqqında bəhs edən “Əsrlərin fəryadı” tamaşasından kiçik parça olaraq verilmişdir (rejissor: Bəhram Osmanov). Son olaraq R.Ramazanov tərəfindən “Hapıtlar” filmindən “təbiət mənzərəsi” səsləndirilmişdir. Bu film 2016-cı ildə keçirilən multikulturalizm ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqənin qalibi olmuşdur (rejissor Vəli Səyyadi). Filmdə az saylı xalqlardan biri olan Hapıtların həyat tərzi, məişəti, adət-ənənələri musiqidə işıqlandırılmışdır. Bəstəkar çəkilişlərin İsmayıllı rayonunun Mollaisaqlı kəndində keçirilməsi haqqında məlumat vermişdir.
    Çox maraqlı keçən seminarın ardından seminar iştirakçılarının sualları səsləndirildi. İlk öncə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev söz aldı. O, R.Ramazanovun Azərbaycan musiqisinin inkişafında gördüyü işlərinə görə fəxri adla təltif edilməsi təşəbbüsü ilə çıxış etdi və bu fikir iştirakçılar tərəfindən dəstəkləndi. Daha sonra aparıcı elmi işçi, dosent Ariz Abduləliyev musiqimizin ümumi problemlərinə toxundu və R.Ramazanova maraqlı suallar ünvanlandırdı. Onlar içərisində tətbiqi musiqi termininin təyinatı, tətbiqi musiqi ilə cəmiyyətin, xüsusilə də gənclərin musiqi zövqünün formalaşmasının böyük önəmə malik olmasını vurğuladı. Rüfət müəllim tərəfindən bütün suallara maraqlı cavablar verildi.
    Seminar sonunda çıxış edən Laboratoriyanın rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Rüfət Ramazanova, olduqca maraqlı və aktual bir mövzuya müraciəti üçün öz təşəkkürünü bildirdi, kino və teatr musiqisinin gənclərimizin musiqi zövqünün formalaşmasında əvəzsiz mənbə olduğunu vurğuladı.
     
    Elmi tədqiqat laboratoriyasının kiçik elmi
    işçisi Ayxan Əfəndiyev.