4 oktyabr 2019-cu il
Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ali təhsil ocağının müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə ilə təbrik edib. O, bildirib ki, müəllimlər dünyada ən çətin, eyni zamanda ən şərəfli peşə olmaqla, gənc nəslin tərbiyəsində, onların dünyaya baxışın formalaşmasında böyük rola malikdirlər. Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir. Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhramanlıq göstərən insanlardır” kəlamını xatırladan natiq Dahi rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə çox yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Akademiyanın rəisi bildirib ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə aparılan yenidənqurma işləri iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilin inkişafına da öz təsirini göstərir.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında müxtəlif musiqilər səsləndirilib, rəqs nömrələri göstərilib, şeirlər oxunub.