18 sentyabr 2019-cu il
Milli Musiqi Günü
Artıq ənənə halını almış “Milli Musiqi Günü” - 18 sentyabr tarixi dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır. Respublikanın müxtəlif yerlərində bu münasibətlə möhtəşəm konsertlər, tədbirlər keçirilir. Həmçinin ölkəmizdə XI beynəlxalq Musiqi festivalı ilə əlaqədar silsilə tədbirlər də keçiriləcəkdir.
Ənənəvi olaraq bu gün də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının önündə bəstəkarın anım günü təntənəli şəkildə qeyd olundu.
Tədbirin açılışını Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəz Qarayev etdi. O, Milli Musiqi gününün ildən-ilə ölkəmizdə daha da geniş vüsət aldığını, silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin sırasında xüsusi önəm verilən Ü.Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün böyük əhəmiyyətini vurğuladı.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadə öz ürək sözləri ilə çıxış edərək, Azərbaycan musiqiçilərinin, gənc bəstəkarlarının Ü.Hacıbəylinin ənənələrini layiqincə davam etdirdiklərini musiqisevərlərin nəzərinə çatdırdı.
“Milli Musiqi Günü” ilə əlaqədar Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu Fərhad Bədəlbəyli də bütün musiqiçiləri təbrik edərək, gənc ifaçılarımızın, bəstəkarlarımızın xarici ölkələrdə musiqizi layiqincə təmsil etdiklərini qeyd etdi.
Daha sonra söz Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə verildi. O, da öz növbəsində Ü.Hacıbəylinin xatirəsini yad edərək, ürək sözlərini bildirdi.
Ardınca tədbir konsert proqramı ilə davam etdirildi. Belə ki, xalq artisti, general Yusif Axundzadənin rəhbərliyi ilə Müdafiə Nazirliyinin nümunəvi Hərbi orkestrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertura, “Cəngi”, dirijor Gülbacı İmanovanın rəhbərliyi ilə Xor Kapellasının ifasında “Ey vətən”, “Heyratı”, Fərhad Bədəlbəylinin “Anamız Azərbaycan” (ifa edir nümunəvi hərbi orkestr, solistlər Aynur İsgəndərli, Kənan Qədimov) əsərləri səsləndirildi.
“Milli Musiqi Günü” bütün musiqisevərlərin, tamaşaçıların gur alqışları ilə qarşılandı.