26 sentyabr 2019-cu il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika“ elmi tədqiqat laboratoriyasında “Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı” çərçivəsində, Çin Xalq Respublikasının Kunmin mədəniyyət kollecinin bir sıra əməkdaşları və o cümlədən də, “Silk Road” Filarmonik Orkestrinin nümayəndələri - Liu Chauqli, Dzheo Douqxing, Duen Geuqehi və menedjer Oleq Şeremeta ilə dostluq və yaradıcılıq görüşü keçirilmişdir.
Görüşdə iştirak edən Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika “ elmi tədqiqat laboratoriyası haqqında məlumat verərək bildirdi ki, laboratoriya əməkdaşları elmi tədqiqatlar, qədim milli alətlərin bərpası, şifahi ənənəli və professional Azərbaycan musiqinin təbliği ilə məşğul olmaları ilə yanaşı, laboratoriyada dünya misiqi inciləri, müasir musiqinin yazı üsulları haqqında da müntəzəm olaraq müxtəlif seminarlar keçirilir.
Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev görüşdən məmnunluğunu bildirərək, bir sıra konsert salonlarında Çin Respublikasının qabaqcıl musiqi xadimləri ilə çıxışını xüsusilə qeyd edərək, Azərbaycan və Cin xalqları arasında mövcud dostluğu vurğuladı.
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika “ elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə isə laboratoriyanın yaranma tarixindən, müxtəlif yaradıcılıq istiqamətlərindən, əməkdaşlarının elmi potensiallarından və bu günə kimi laboratoriyanın əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir.
Keçirilmiş dostluq görüşündən məmnunluqlarını bildirən qonaqlar, qeyd etdilər ki, onların Azərbaycan haqqında ilk təəsuratları əldə etməyə, vətənlərində çalışan və konsert proqramları ilə çıxışlar edən məhz Azərbaycanlı ifaçıların mükəmməlliyi sövq etmişdir. Qonaqlar əlbətdəki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, o cümlədən də, elmi laboratoriya ilə sıx yaradıcılıq əlaqələrinin yaranmasını və ümumiyyətlə Azərbaycanla yaxından tanış olmaq arzularını bildirdilər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
böyük elmi işçi M.Rzayeva