20 sentyabr 2019-cu il
“Azərbaycan musiqi tarixi” kitabının təqdimatı
Sentyabr ayının 20 - də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, Akademik Zemfira Səfərovanın layihə rəhbərliyi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı keçirildi.
Görkəmli musiqi xadimlərini bir araya gətirən tədbirin ön sözü Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadəyə verildi.
Ardınca AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbi üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ertəkin Salamzadə; Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov; Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva; Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Bakı Musiqi Kollecinin müəllimi Raya Abbasova çıxış edərək, Zemfira xanım Səfərovaya öz ürək sözlərini bildirdilər və yeni-yeni yaradıcılıq uğurları arzu etdilər.
Çıxışlar arasında musiqi nömrələrinin səsləndirilməsi təqdimata xüsusi bir gözəllik bəxş etdi. Tədbirdə Aqşin Əlizadənin “Bayatılar” a capella xor silsiləsindən “Dağlarda” (ifa edir Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru bədii rəhbər və dirijor Şəhla Ələkbərova); Vasif Adıgözəlovun “Qərənfil” (ifa edir tarzən Saleh Salahov, müşayiət edir Arzu Teymurova); Tofiq Bakıxanovun xalq musiqisi əsasında “Şərq Sonataları” silsiləsindən görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunan skripka və fortepiano üçün 8 saylı “Azərbaycan” sonatası (ifa edirlər: Beynəlxalq müsabiqə laureatı, professor Məleykə Əhədzadə - skripka, Beynəlxalq müsabiqə laureatı, professor Fəridə Quliyeva – piano) əsərləri səsləndirildi.
Təqdimatın sonunda akademik Zemfira Səfərova kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsin zəhmətini qiymətləndirərək, bütün həmkarlarına dərin təşəkkürünü bildirdi.
Bakı Musiqi Akademiyasının mətbuat xidməti İSGƏNDƏROVA OFELYA