27 iyun 2019-cu il
27 iyun 2019-cu il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Məzun günü keçirilib.
Tədbir List-simfonik prelüdü ilə başlandı.
Ön sözlə məzunları və qonaqları salamlayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRI və Azərbaycan xalq artisti, dünya şöhrətli pianoçu, Professor Fərhad Bədəlbəyli çıxış edərək ən xoş arzularını söylədi.
Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti,BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova BMA-nın tarixi fəaliyyətindən bəhs edərək bütün məzunları təbrik etdi və tədbiri açıq elan etdi.
Ardınca səhnəyə bakalavr pilləsini musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzun, respublika müsabiqələr laureatı Aygün Qəhrəmanova dəvət olundu. O, tələbələr adından bütün müəllimlərə təşəkkürünü bildirdi.
Daha sonra məzunların kiçik konsertinə start verildi. Musiqi proqramında S.Prokofyev. 6 saylı sonata Op.82 (I hissə) (Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Atabala Manafzadə), Edward Elgar. Salut D'amour (Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Aytən İbrahimova, Müşayiət edir: Atabala Manafzadə), Franz Doppler. “Duettino Americain” (beynəlxalq müsabiqələr laureatları Nəzrin Əmirli və Şeyda Ələsgərova, Müşayiət edir: Nilufər İbrahimli), Mişel Leqran. “Şerqburq çətirləri” filmindən musiqi (beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüsü Emin Eminzadə və Nigar Cəfərova, Müşayiət edir: Rəna Ağayev) və Magistr pilləsinin bəstəkarlıq ixtisası üzər fərqlənmə diplomu ilə bitirən məzun, respublika müsabiqələr laureatı Tamilla Əhədovanın fortepiano üçün 2 prelüdü səsləndirildi.
Ənənəyə sadiq qalaraq konsertin sonunda Məzunların diplomlarla təltif edilmə mərasimi başlandı.
Hər bir məzunu təbrik edirik!