• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2019-cu il

    İsmayıl Hacıbəyovun fortepiano əsərləri adlı seminar.

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında İsmayıl Hacıbəyovun həyat və yaradıcılığı ilə bağlı elmi seminar keçirildi. Seminarı elmi-tədqiqat laboratoriyasının elmi işçisi Məhəmməd Vəliyev hazırlamışdı. Bu seminarda tədqiqatçı görkəmli bəstəkarın həyat və yaradıcılığı, xüsusilə də fortepiano əsərləri haqqında geniş məlumat verildi.

    Görkəmli bəstəkar İsmayıl Hacıbəyovun fortepiano musiqisi onun yaradıcılığının əsas amillərindən biridir.  İ. Hacıbəyovun ilk bəstəsi 1968-ci ildə hələ böyük bəstəkar Qara Qarayevin sinfində oxuyarkən fortepiano üçün yazdığı “Paqanini mövzusuna variasiyalar” əsəridir. “Paqanini mövzusuna variasiyalar” çox parlaq, texniki cəhətdən ifası həddən artıq çətin olan fortepiano əsəridir. Məruzəçi, İsmayıl Hacıbəyovun növbəti bəstəsi tələbəlik illərində fortepiano üçün yazdığı “Vatto ruhunda eskizlər” əsəri haqqında məlumat vermiş, bildirmişdir ki,. bəstəkar bu eskizləri 1971-ci ildə yazmış və bu əsərdə neoklassisizmə ilk dəfə müraciət etmişdir. Əsərin ilk ifaçısı Xalq artisti, məşhur pianoçu Fərhad Bədəlbəyli olmuşdur. Böyük pianoçu bu əsəri Avropanın bir çox ölkələrində ifa etmişdir.

    Bəstəkarın 1990-cı ildə yazdığı “Üç idilliya” əsəri onun həyat yoldaşı, pianoçu Ülviyyə Hacıbəyovaya həsr edilmişdir. Bu əsər bir növ ona olan məhəbbətinin, hisslərinin təzahürü kimi başa düşülür. Bəstəkar məhz buna görə əsəri “İdilliya” adlandırmışdır. Bu əsər dünya fortepiano praktikasında analoqu olmayan bir əsərdir.

    Daha sonra məruzəçi, bəstəkarın uşaqlar üçün yazdığı “Albomdan səhifələr” fortepiano süitasını , “Sübh çağı”, “Etüd”, “Oyunlar”, “Balaca dəcəl”, “Top-top oyunu”-nu, eləcə də “Marş” pyesləri haqqında ətraflı məlumat verərək olduqca maraqlı faktlar təqdim etmişdir.  Əsərlərin bir çoxu  xarici ölkələrdə ifa olunaraq Beynəlxalq festivallarda səslənmişlər.

    M.Vəliyev bildirmiş ki, təməli dahi Üzeyir bəy tərəfindən qoyulmuş Hacıbəyovlar nəslinin sonuncu nümayəndəsi İsmayıl Hacıbəyovun yaradıcılığında neoklassisizm mühüm yer tutmuşdur. Dünyasını çox tez dəyişən bəstəkar ürəklərdə dərin iz qoymuş, daim ailəsinin idealı olaraq qalmış, müdriklik, zəhmətsevərlik, professionallıq, alicənablıq, bir sözlə əsl ziyalılıq keyfiyyətlərini özündə əks etdirən Hacıbəyov nəslinin nümayəndəsi kimi xatirələrdə əbədi iz qoyub getmişdir.

    Tədqiqatçının mövzusu ilə əlaqədar laboratoriyanın əməkdaşları Əməkdar incəsənət xadimi, professor A. Əsədullayev,aparıcı elmi işçi ,bəstəkar R.Ramazanov, böyük elmi işçi R. Bəhmənli və başqaları çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparmışlar.

     

                                                                          Elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi

    Sahilə Əzizova