25 iyun 2019-cu il
İyun ayının 25-i Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Nəsirova Fidan “Zülfüqar Hacıbəyovun operettaları” adlı elmi seminar keçirtmişdir.
Azərbaycan musiqi tarixində mühüm rol oynamış bəstəkarlarımızdan biri də Zülfüqar Hacıbəyovdur. Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi, Üzeyir bəyin böyük qardaşı olan Zülfüqar Hacıbəyovun milli musiqi teatrının təşəkkülü və inkişafındakı xidmətləri xüsusilə böyük olmuşdur.
Tədqiqatçı Zülfüqar Hacıbəyovun operettalarının yaranma tarixi haqqında ətraflı məlumat verdi. Bununla yanaşı bəstəkarın operettalarının dövrü mətbuatda dərc olunan qəzetlərdə məqalələri tədqiqatçı tərəfindən əməkdaşlara təqdim edildi. Eyni zamanda bəstəkarın səsyazma arxivindən “Evliykən subay” adlı musiqili komediyanın lent yazısını əldə edib, seminarda səsləndirdi.
Zülfüqar Hacıbəyovun komediyalarında dövrü üçün aktual məsələlər qaldırılır, köhnəlmiş adət-ənənələr gülüş hədəfinə çevrilir, cəhalətə, qadın hüquqsuzluğuna qarşı etiraz bildirilmişdi.
Tədqiqatçı mövzu ilə bağlı ətraflı çıxış etdi və əməkdaşlarımız tərəfindən verilən sualları cavablandırdı. Mövzu ilə əlaqədar laboratoriyanın əməkdaşlarından Azərbaycanın xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov dəyərli fikirlərini bildirdilər.
Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə çıxış edərək, keçirilən seminarı yüksək qiymətləndirdi.
Elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi
Sahilə Əzizova