18 iyun 2019-cu il
Misri: Qədim kökdən çağdaş bəstə üslubuna doğru.
Şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim və mühüm tərkib hissələrindən biri də aşıq sənətidir. Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev Azərbaycan musiqişünaslığı üçün mühüm və hər zaman aktual olan “Misri: Qədim kökdən çağdaş bəstə üslubuna doğru” adlı elmi seminar keçirtmişdir.
Məruzəçi A.Abduləliyev aşıq musiqisinin tarixi, dünəni və bu günü haqqında mühazirə söyləyərək, şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sənəti olan aşıq yaradıcılığı barədə olduqca maraqlı və son dərəcə mühüm məlumatlar əldə etmişdir. Məruzəçinin əldə etdiyi məlumatlar və araşdırmalar Azərbaycan musiqişünaslığının daim aktual problemlərindən biridir.
Seminarda aşıq sənətinin tarixi ilə yanaşı, bu sənətin Ü.Hacıbəyli ənənəsindən irəli gələn bəstəkar yaradıcılığında da müxtəlif üsullarla təzahürünə diqqət yetirən A.Abduləliyev, xüsusilə S.Ələsgərovun yaradıcılığına müraciət etmişdir. Bəstəkarın “Aşıqvarı” əsərini təhlil edən məruzəçi, aşıq və bəstəkar yaradıcılığının təmas nöqtələrini, xalq yaradıcılığının professional musiqidə istifadə formalarını aşkara çıxartmışdır.
Seminar aşıq musiqisinin tədqiqi materialları, not nümunələri və audio səslənmə ilə paralel aparıldığından müqayisəli təhlilə xüsusi yer verilmiş ki, bu da olduqca maraqla qarşılanmışdır.
Seminar mövzusu auditoriyada böyük maraq doğurduğundan, məruzəçiyə müxtəlif suallar verilmiş və A.Abduləliyevin araşdırmaları xüsusi olaraq yüksək dəyərlə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev, aparıcı elmi işçi,bəstəkar R.Ramazanov və başqaları çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparmışlar və seminar materialının müxtəlif dillərə tərcümə olunaraq dərc olunması tövsiyyə edilmişdir.
böyük elmi işçi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru M.Rzayeva.