18 iyun 2019-cu il
Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.
Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb.
Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.
UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.
Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun dirijorluğu, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber” Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bütün zal ayağa qalxıb.
Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.