13 iyun 2019-cu il
“Azərbaycan bəstəkarlarının yaradıcılığında Tofiq Bayram poeziyası” adlı elmi seminar.
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “ Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı şair Tofiq Bayramın sözlərinə yazılmış görkəmli bəstəkarlarımızın musiqi əsərlərindən söhbət açıldı. Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, BMA-nın doktorantı Nigar Bayramova şairin yaradıcılığını bir daha işıqlandıraraq, xüsusilə, şairin maestro Niyazi ilə dostluğundan və onun təşəbbüsü ilə M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri kimi təyin edilməsindən, onların birgə yaradıcılıq fəaliyyətindən bəhs edən arxiv materiallarla, əlyazmalarla bizi tanış etdi. Daha sonra SSRİ və Azərbaycan Respublikasının xalq artisti, bəstəkar, professor Arif Məlikovun Tofiq Bayramla dostluğundan, onların birgə yazdıqları “Vətən” vokal-simfonik poemasından, “ Şirin qızım” adlı romansından əməkdaşımız bizə ətraflı məlumat verdi və həmin musiqilərin audio versiyasını səsləndirdi. Bundan başqa şairin sözlərinə bəstələnmiş musiqi əsərlərini video şəklində nümayiş etdirdi: C. Cahangirovun “Göy göl”, Niyazinin “Azərbaycan-Monqolustan”, S. Ələsgərovun “Vağzalı çalınır”, Q. Əsgərovun “ Əziz dostum”, R. Mirişlinin “ Xəzərim”, Sarxan Sarxanın “ Ay gecikən, məhəbbətim” və s.
Nigar Bayramova qeyd etdi ki, 24 sentyabr 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Suraxanı rayonunda yerləşən istirahət parkına Tofiq Bayramın adı verilmiş və həmin parkda ucaldılan şairin büstünün açılışında şəxsən özü iştirak edərək bu sözləri demişdir: “Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm və danışmışam. Yazıçılar qurultaylarında, yazıçılarla görüşlərdə, bəzi rayonlarda səfərlərdə bir yerdə olmuşuq. Onun haqqında mənim ən gözəl xatirələrim var. Bu gün mən çox məmnunam ki, onun xatirəsini əbədiləşdirmək bizə nəsib olmuşdur. Və biz onun xatirəsi qarşısında, sizin qarşınızda bəyan edirik ki, Azərbaycanın belə insanları həmişə qiymətləndirilib və bundan sonra da qiymətləndirəcəkdir”. Ulu öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Tofiq Bayramın “ Seçilmiş əsərləri” adlı kitabı nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Mövzu ilə əlaqədar laboratoriyanın əməkdaşları Əməkdar incəsənət xadimi, professsor A. Əsədullayev, dosent A. Abduləliyev dəyərli fikir və mülahizələrini bildirdilər. Sonda laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N. İsmayılzadə çıxış edərək, keçirilən seminarı yüksək qiymətləndirdi və milli-mənəvi dəyərlərimizin qorunması və təbliği prosesində hələ çox işlərim görülməli olduğunu vurğuladı.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
Ruqiyyə Süleymanova