11 iyun 2019-cu il
Məktəblilərlə səmimi görüş
Elm və sənət adamlarının adi insanlarla görüşmələri, daima cəmiyyətlə ünsiyyətdə olması onların fəaliyyətlərinin vacib sahələrindən biridir. Belə olan halda, alimlər və ifaçılıqla məşğul olan sənətkarlar apardıqları tədqiqatlarının nəticəsini görür, yaradıcılıqlarının mənasını anlayırlar. Bu baxımdan Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçilərinin , təəssüf ki, keçən il ”Bilik “ Fondunun bağlanması ilə əlaqədar yarımçıq qalmışdır. “Azərbaycan klassik musiqisini tanıyaq və tanıdaq “ layihəsinin müxtəlif formada davam etməsi çox təqdirə layiq haldır. İyun ayının 11-də elmi-tədqiqat laboratoriyanın bir qrup əməkdaşları - laboratoriyanın müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, BMA-nın müəllimi və aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev, laboratoriyanın baş elmi işçisi, Azərbaycanın xalq artisti Zümrüd Məmmədova və elmi işçi, BMA-nın doktorantı Könül Əhmədova Sabunçu rayonunun Maştağa qəsəbəsinin 255 saylı tam orta məktəbinin direktoru Mətanət xanım Babayevanın dəvəti ilə həmin məktəbin qonağı oldular.Çox hörmət və səmimiyyətlə qarşılandığımız məktəbdə musiqi ilə məşğul olan çoxlu sayda şagirdlər var imiş və istedadlı şagirdləri, savadlı uşaqları dinləmək bizə çox gözəl təəssüratlar bağışladı. Biz onların ümid dolu baxışlarını, fərəh və sevinc hisslərini duyduq. Təbii ki, bu görüş uşaqların xatirəsində qalacaq. Ancaq tədbir zamanı gördüklərimiz və dinlədiklərimiz musiqi nömrələri bizi çox təsirləndirdi. Məktəb direktoru Mətanət xanım Babayeva Maştağa kəndində öz xeyriyyəçiliyi, yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınır və sevilir. Onun məktəbin uşaqlarına verdiyi dəstək göz qabağında idi. Bir-birini əvəz edən maraqlı nömrələr gözümüzün qarşısında əyani şəkildə canlandırıldı. Bu təbii ki, məktəbin musiqi müəlliməsi Xıdırova Fatimənin zəhmətinin bəhrəsi idi. Məktəbin şagirdlərindən fleyta ifaçısı Fərid Aslanov, skripkada çalan Nihad İbrahimov, qavalda özünü müşaiyyət edən, muğam ifaçısı Nicat Seyidov, tarda məharətlə müşayiət edən Mirmehdi Babaşlı rəqs və xor kollektivləri həm gözəl musiqi duyumu ilə, həm də özlərinin xoş maneraları ilə bizə çox gözəl əhval-ruhiyyə bəxş etdilər. Bu görüşdən sonra biz müəyyən nəticələrə gəldik:
- Bakının Maştağa kəndində istedad potensialının mövcudluğu bizi çox sevindirdi;
- Sənətin istedadlı gəncliyi varsa, deməli sənətin gələcəyi də var.
- Muğam, təsnif, tar, qaval, nağara orta məktəb şagirdləri tərəfindən öyrənilirsə, deməli ənənəvi musiqimizin də, milli alətlərimizin də gələcək həyatına əmin olmaq olar;
- Məktəblilər milli geyimdə milli rəqsləri ifa edirsə, deməli milli mədəniyyətimizin və milli ruhumuzun sabahları ölməzdir.
Belə görüşlərin keçirilməsinə mənəvi ehtiyacımız var, buna görə də onları davam etmək arzusundayıq.
Elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Nuridə İsmayılzadə