• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2019-cu il

    “Azərbaycan konsertmeyster sənətinin inkişafında əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın yeri və rolu” mövzusunda keçirilmiş Elmi-Praktik Konfrans öz işini başa çatdırdı.

    Azərbaycanda ixtisaslı musiqiçi kadrların hazırlanmasında misilsiz xidmətləri olan, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı kafedrası"nın müdiri olmuş, yüksək peşəkarlığı ilə seçilən pedaqoq, gözəl alim professor, mərhum Nailə xanım İbrahimova yoxluğu ilə onu sevənlərin qəlblərində niskinlik izləri buraxıb. Həyatı boyu vətəni, xalqı, onun gələcəyi olan gənc nəsillər üçün çalışmış, onların bilik və bacarıqlarının yüksək səviyyəyə qalxması yolunda bir musiqiçi və əsl pedaqoq kimi əlindən gələni əsirgəməmişdir.
    Nailə İbrahimovanın məhz bu keyfiyyətləri yaxın günlərdə “AZƏRBAYCAN KONSERTMEYSTER SƏNƏTİNİN İNKİŞAFINDA ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR NAİLƏ İBRAHİMOVANIN YERİ VƏ ROLU” mövzusunda keçirilmiş Elmi-Praktik Konfransın iştirakçılarının məruzələrinin əsas qəyəsini təşkil etdi.
    Konfransda Azərbaycanın tanınmış elm və musiqi xadimləri - Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət və elm xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Nailə xanımın elmi-pedaqoji fəaliyyəti, Azərbaycan elminə, konsertmeyster sənətinə gətirdiyi yeniliklər, həmçinin onunla bağlı ölməz xatirələrini öz məruzələrində təqdim etdilər.
    Konfrans çərçivəsində izləyicilərə rejissoru Namiq Zeynalov, müəllifi Nailə xanımın tələbəsi dosent Könül Hüseynovanın olduğu Nailə xanım İbrahimovanın həyat və yaradıcılığından bəhs edən “QƏLBİMİZDƏ YAŞAYAN İNSAN” filmi təqdim edildi.
    Daha sonra konfrans çərçivəsində Nailə İbrahimovanın rəhbərlik etmiş olduğu “Konsertmeyster ustalığı” kafedrasının müəllimləri - Professor Gülnarə Məmmədyarova, Dosentlər Tofiq Bədirxanov, Könül Hüseynova , baş müəllim Yuliya Kərimovanın iştirakı ilə təşkil olunmuş konsert proqramı təqdim olundu. Konsertin solistləri səhnəmizin parlaq opera ulduzlar ı- Azərbaycan Respublikasının Xalq artistləri Gülnaz İsmayılova və Fidan Hacıyeva,
    Azərbaycan Respublikasının Əməkdar artistlər Anton Ferştandt, o cümlədən Opera Studiyasının solisti Adil Axundov, Yuliya Behbudova idilər. Bütün konsert iştirakçıları maraqlı proqram ilə öz yüksək ifaçılıq məharətlərini bir daha nümayiş etdirmiş oldular. Onu da qeyd edək ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Yulizana Kuxmazovanın rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə xoru da çıxış edərək proqrama xüsusi bir rəng qatmış oldular.
    Sonda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək bütün konfrans və konsert iştirakçılarına dərin minnətdarlığını bildirdi “ Müəllim zəhməti danılmazdır. Müəllimlərin tələbələr tərəfindən bu cür xatırlanması və onların xatirələrinin əbədiləşdirilməsi dahi Üzeyir bəy ənənlərinindəndir. Mən konfransın sədri professor Gülnaz xanım Abdullazadəyə, təşkilatçısı Könül Hüseynovaya təşəkkürümü bildirirəm. O, müəllimlərini hər zaman yüksək qiymətləndirən əsl tələbədir...”
    Onu da qeyd edək ki, Elmi-Praktik konfransın sədri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, konfransın təşkilatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynovadır.


    KÖNÜL HÜSEYNOVA
    s.ü.fəlsəfə doktoru, dosent