23 aprel 2019-cu il
Arif Əsədullayev-70. “Milli musiqi dəyərlərimizi qorumaq günün tələbidir” mövzusunda elmi seminar
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 23 aprel 2019-cu il tarixində əməkdar incəsənət xadimi, professor, ustad kamança ifaçısı Arif Əsədullayevin 70 illik yubileyi çərçivəsində Azərbaycan musiqisi üçün vacib və aktual məsələlərdən biri olan “Milli musiqi dəyərlərimizi qorumaq günün tələbidir” adlı elmi seminarı keçirilmişdir.Tədbiri açan elmi tədqiqat laboratoriyanın müdiri Nuridə İsmayılzadə Arif müəllimi təbrik etmək üçün BMA-nın tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyevaya söz verdi və o, yubilyarı Akademiyanın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli, həm də professor və müəllim heyyəti adından təbrik etdi.
A.Əsədullayevin çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan muğam sənətinə əvəzsiz töhfələri haqqında söz açılmış və onun davamçıları—Məhəmməd Saleh İsmayılov, Bayram Hüseynli, Ramiz Zöhrabov, Elxan Babayevin adları çəkilmişdir. A.Əsədullayev muğam dəstgahı ifaçılığında xüsusi önəmə sahib olan giriş (əksər hallarda bərdaşt) və ayaq (kadensiya) məsələləri haqqında öz fikirlərini iştirakçılarla bölüşmüşdür. O, bunu tar ifaçısı İbrahim Məmmədovun ifasında (Humayun muğamının bərdaştı) xırdalıqları ilə nümayiş etdirdi. 70-80-ci illlərdə öz ustadlarından, xüsusən, Nəriman Əliyevin Humayun muğam dəstgahının quruluşu haqqında qiymətli fikirlərini qeyd etdi. Bununla bərabər Arif müəllim ifaçılar və musiqişünaslar (nəzəriyyəçilər) tərəfindən bərdaşt (giriş) hissəsinin təyininə dair konkret fikirlərininin olmamasından təəssüfünü dilə gətirdi.
A.Əsədullayev çıxış zamanı Şüştər muğamı barəsində danışarkən tanınmış xanəndə Nəriman Əliyevin fikrinə əsasən bərdaştın (girişin) Əmiri bölməsi ilə tədrisinin səhv olduğunu qeyd etdi. Ustadın sözlərini məşhur kamança ifaçısı, xalq artisti Şəfiqə xanım Eyvazova Şüştər muğamının bütövlükdə əsrarəngiz ifası ilə təstiq etdi.
Seminar sırasında Azərbaycanın xalq artisti, görkəmli tar ifaçısı Ramiz Quliyev, xalq artisti Vamiq Məmmədəliyev, laboratoriyanın əməkdaşları Zeynal İsayev və Ariz Abduləliyev dəyərli və səmimi fikirlərini səsləndirdilər. Seminar iştirakçılarının bir çoxu Arif müəllimə maraqlı suallar ünvanladı və onun fikir və düçüncələri diqqətlə dinlənildi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“Şifahi ənənəli Azərbaycan musiqisi və onun
yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika”
elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi: Əfəndiyev Ayxan