• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 aprel 2019-cu il

    Yeni ideyaların tükənməz axınında


    Aprel ayının 19-u Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, professor Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi tarixi” kafedrasının dosenti İnna Pazıçevanın “Yeni ideyaların tükənməz axınında” monoqrafiyasının təqdimetmə mərasimi və elmi-publisistik, beynəlxalq mətbu orqanı olan “Musiqi Dünyası” jurnalının 20 illiyinə həsr olunmuş konfrans keçirildi.
    Konfransda incəsənət xadimləri, professorlar, xalq artistləri iştirak edirdilər. Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli mərasimi açaraq, qonaqları salamladı və Tariyel Məmmədovun yaradıcılıq uğurlarından, musiqişünaslıq elminə verdiyi tövhələrdən və s. bəhs etdi.
    Mərasimdə professor Tariyel Məmmədovun yaradıcılıq fəaliyyətini işıqlandıran qısametrajlı film nümayiş olundu. Filmdə T.Məmmədovun yaradıcılığı, “Musiqi dünyası” jurnalı ilə bağlı fəaliyyəti işıqlandırılıb, bir neçə görkəmli musiqi xadimlərinin təəssüratları təqdim olundu.
    Sonra görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə T.Məmmədovun yaradıcılığı və fəaliyyəti bağlı dəyərli fikirlər söylədi.
    Bununla yanaşı Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Quliyev, Əməkdar müəllim, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ülviyyə xanım İmanova, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov da “Musiqi Dünyası” jurnalı üçün musiqişünasın göstərdiyi böyük əzmdən söz açaraq, T.Məmmədovun yaradıcılığı ilə bağlı xoş təəssüratlarını bölüşdülər.
    Çıxışlar arasında musiqi nömrələrinin səsləndirilməsi təqdimata xüsusi bir gözəllik bəxş etdi. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Elnarə Kəbirlinskaya, Tövhə Babayeva və BMA-nın III kurs tələbəsi Orxan Hüseynov Ü.Hacıbəylinin “Aşıqsayağı” triosunu, BMA-nın IV kurs tələbəsi vokal ifaçısı Mahir Tağızadə, Dilarə Kərimova (fortepiano) Jules Massnenin “Elegiya” romansını, BMA-nın II kurs tələbəsi Aydın Zeydullayev Duke Ellingtonun “İn a sentimental mood” əsərini, BMA-nın pianoçu tələbələri Leyla Zeynalova və Nərmin İsmayılova Pulenkin “Sonata”sını, BMA-nın I kurs tələbəsi Məhəmmədəli Paşazadə, Kamilla Sadırxanova (fortepiano) Həsən Rzayevin “Çahargah” əsərlərini ifa etdilər.
    Təqdimatın sonunda professor Tariyel Məmmədov “Musiqi Dünyası” jurnalının ərsəyə gəlməsindən söz açaraq, bu işdə əməyi keçən hər kəsin zəhmətini qiymətləndirdi. Həmçinin “Yeni ideyaların tükənməz axınında” monoqrafiyasına görə İnna Pazıçevaya və bütün həmkarlarına öz dərin təşəkkürünü bildirdi.

    Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASININ
    MAGİSTR II KURS TƏLƏBƏSİ OFELYA İSGƏNDƏROVA