17 aprel 2019-cu il
Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina xanım Hacıyeva tələbə və magistrları ilə bərabər, aprel ayının 17-də, Görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq” mövzusunda Azərbaycan Dillər Universitetində (ADU) keçirilən seminarda iştirak ediblər. Seminarda ADU Filologiya və Jurnalistika fakültəsinin tələbələri də iştirak edirdilər. Seminar Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə təşkil olunmuşdur.
Seminarda açılış nitqini ADU Multikulturalizm ETL-nin elmi işçisi Əli Fərhadov edərək, Nəsimi yaradıcılığı haqqında ümumi məlumat verdi.
Sonra isə söz Azərbaycan Dillər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanova verildi. Akademik “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusu ilə çıxış etdi. O, bu mövzuda olduqca ətraflı, dolğun, dəyərli fikirlər söyləyərək, Nəsimi qəzəllərindən nümunələr səsləndirdi.
Növbəti - “Azərbaycan ədəbiyyatında sufizm və multikultural ideyalar” mövzusu ilə ADU Multikulturalizm ETL-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Musayeva çıxış etdi. Burada Afət xanım sufizmin yaranması, ədəbiyyatımızda əks olunması haqqında maraqlı fikirlər söylədi.
Bunun ardınca ADU Multikulturalizm ETL-nin kiçik elmi işçisi Turan Kərimli “Qərb ədəbiyyatında sufizm və hürufiliyə baxış” adlı məruzə ilə çıxış etdi. Daha sonra isə Əli Fərhadovun “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzusundakı məruzəsi dinləyicilərin marağına səbəb oldu. Professor Mina Hacıyeva və magistrant Ofeliya İsgəndərli çıxış edərək öz maraqlı ideya və təkliflərini irəli sürdülər.
Sonda isə seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.