29 mart 2019-cu il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyası 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımın gününə həsr olunmuş “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” adlı elmi seminar keçirdi.
Martın 29-u keçirilən seminara BMA-nın müəllim və tələbə heyəti, Əqli Mülkiyyət Agentliyi, Bakı Xoreoqrafiya Akademiyası və TV kanalları dəvət olunmuşdur.
İlk çıxış edən - BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abullazadə, ermənilərin tarix boyu etdikləri təcavüzkarlıqlardan, Mart soyqırımı zamanı erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə qətl etdiklərindən, erməni qəsbkarlarının Azərbaycan mahnı və rəqslərinin, xalçalarının xarici ölkələrdə təşkil etdikləri sərgi və konsertlərdə özününküləşdirdiklərindən danışdı. Bu yaxınlarda Parisdə təşkil olunan erməni günləri zamanı Azərbaycanın milli mədəni sərvətlərini sərgidə nümayiş etdirməklə, öz düşmən mövqeyində olduqlarını bir daha göstərdiklərini qeyd etdi. Daha sonra elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə çıxış edərək, 31 mart soyqırımı haqqında, laboratoriya əməkdaşlarının keçirdikləri digər seminarlar və gələcək layihələr haqqında danışdı. Quba rayonunda təşkil olunmuş konsertdən sonra iştirakçılarla “Quba Soyqırımı Memorial Kompleksi”nə getdiklərini və bunun erməni vəhşiliklərinin bariz nümunəsi olduğunu bildirdi. Seminarda iştirak edən Əqli Mülkiyyət Agentliyinin “Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası” şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, professor Sonaxanım İbrahimova, xalq artistləri, professorlar Yusif Qasımov, Elnarə Dadaşova, Ramiz Quliyev də çıxış edərək, ermənilərin tarix boyu Azərbaycan torpaqlarına, folklor və bəstəkar musiqilərimizə qarşı hər zaman oğru mövqeyində olduğunu bildirdilər.
Daha sonra məruzəçi, elmi tədqiqat laboratoriyasının elmi işçisi Rauf Bəhmənli çıxış etdi. O, 35 il ərzində apardığı tədqiqat nəticəsində Azərbaycanın müxtəlif bölgələrindən 90 adda Yallı rəqsləri, 302 qədim xalq rəqs melodiyası toplanmışdır. Rauf müəllim topladığı rəqslərlə paralel, tarixən Azərbaycan bəstəkarları tərəfindən toplanıb nəşr olunan, həmçinin bəstəkarlarımızın əlyazmalarına əsaslanaraq, erməni rəqs məcmuələri kimi nəşr olunan toplulardakı rəqslərin əksəriyyətinin Azərbaycan rəqsləri olduğunu, onların adlarını bizim rəqslərin adına yaxın şəkildə dəyişərək və ya 2 rəqsimizdən bir rəqs düzəldərək nota aldıqlarını və ya ifa etdiklərini bildirdi. Bunu da qeyd etdi ki, bəzi rəqslərin adları bir başa Azərbaycan dilində qalmışdır, çünki onlar rəqsin niyə belə adlandırıldığını, onun xarakterini müəyyənləşdirə bilməmiş, buna görə də bəzi rəqslərimizin adları dilimizdə olduğu kimi saxlanılmışdır.
Xatırladaq ki, Rauf Bəhmənli bu kimi mövzularla dəfələrlə müxtəlif ali məktəblərdə, beynəlxalq konfranslarda çıxış etmişdir. Onun 2018-ci ildə “Azərbaycan yallıları” adlı dərs vəsaiti çap olunmuş və topladığı qədim rəqslər isə Mədəniyyət Nazirliyinə təqdim olunmuş və Nazirlik tərəfindən çapa hazırlanmaqdadır.
Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi
Könül Əhmədova